Fransa və Almaniyada etirazların genişlənməsi Avropada hökumətlərin sosial problemlərə yanaşmasını yenidən gündəmə gətirib. Bahalaşma, enerji qiymətləri, miqrasiya, sosial təminat və təhlükəsizlik məsələləri cəmiyyətdə narazılığı artırır. Etirazların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi isə hökumətlərin problemləri həll etmək əvəzinə, onları nəzarətdə saxlamağa çalışdığı ilə bağlı müzakirələrə yol açır.
Avropa hökumətləri artan narazılığı aradan qaldırmaq üçün hansı real addımları atmalıdır? Baş verənlər Avropa İttifaqının gələcəyinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Avropada genişlənən etirazlar təkcə sosial-iqtisadi narazılığın deyil, həm də mövcud siyasi idarəetmə modelinə inamın azalmasının göstəricisidir:
“Fransa və Almaniyada baş verənlər göstərir ki, Avropa cəmiyyətləri artıq yalnız iqtisadi çətinliklərə deyil, hökumətlərin bu problemləri həll edə bilməməsinə də etiraz edirlər.
İlk növbədə, Avropa hökumətləri narazılığın nəticələri ilə deyil, onun səbəbləri ilə mübarizə aparmalıdırlar. Bahalaşma, enerji qiymətlərinin artması, mənzil problemi, işsizlik, sosial təminatın zəifləməsi və miqrasiya ilə bağlı narahatlıqlar real iqtisadi və siyasi addımlar tələb edir. Əhalinin alıcılıq qabiliyyətinin qorunması, aztəminatlı ailələrə dəstəyin artırılması, yeni iş yerlərinin yaradılması və sosial xidmətlərin əlçatan olması əsas prioritetlərə çevrilməlidir.
Anar İsayev
Digər mühüm məsələ ənənəvi siyasi qüvvələrə etimadın azalmasıdır. Uzun illər Avropanın siyasi həyatında aparıcı mövqedə olan mərkəzçi və liberal qüvvələr cəmiyyətin gözləntilərini qarşılamaqda çətinlik çəkirlər. Seçicilər artıq yalnız siyasi vədlərlə kifayətlənmək istəmirlər. Nəticədə yeni siyasi alternativlərə maraq artır, ifrat sağ və ifrat sol qüvvələr üçün əlavə imkanlar yaranır. Xüsusilə miqrasiya, milli təhlükəsizlik və sosial müdafiə ilə bağlı narazılıqlar sağ populist qüvvələrin mövqelərini gücləndirir”.
Etirazlara sərt müdaxilələrə gəldikdə isə, ekspert deyib ki, təhlükəsizlik tədbirləri qısa müddətdə küçələrdəki gərginliyi azalda bilər:
“Lakin bu, problemin həlli demək deyil. Hökumətlər dialoq əvəzinə güc tətbiqinə üstünlük verərsə, narazılıq daha da dərinləşə, cəmiyyətlə hakimiyyət arasındakı uçurum genişlənə bilər. Demokratik Avropada etiraz hüququna hörmət edilməli, ictimai dialoq qorunmalı və problemlərin həlli üçün siyasi müzakirələrə üstünlük verilməlidir.
Digər tərəfdən, bu proseslər Avropa İttifaqının gələcək siyasi birliyinə də ciddi təsir göstərə bilər. Üzv dövlətlərdə daxili siyasi qeyri-sabitliyin artması ümumavropa qərarlarının qəbulunu çətinləşdirir. Miqrasiya, enerji təhlükəsizliyi, müdafiə və iqtisadi inteqrasiya məsələlərində ölkələr arasında fikir ayrılıqları daha da dərinləşə bilər. İfrat siyasi qüvvələrin hakimiyyətə gəlməsi və ya parlamentlərdə təsirlərini artırması Avropa İttifaqının vahid siyasət yürütmək imkanlarını məhdudlaşdıra bilər.
Hesab edirəm ki, Avropa hazırda təkcə iqtisadi deyil, həm də siyasi və ideoloji sınaq qarşısındadır. Əsas təhlükə etirazların özündə deyil, onların arxasında dayanan sosial problemlərin uzun müddət həll edilməməsindədir. Avropa hökumətləri vətəndaşların gündəlik problemlərinə real həll yolları təklif edə bilməsələr, ənənəvi siyasi sistemə etimadın azalması davam edəcək. Bu isə populizmin güclənməsinə, siyasi qütbləşmənin dərinləşməsinə və Avropa İttifaqının daxili birliyinin zəifləməsinə səbəb ola bilər.
Avropanın gələcək sabitliyi təhlükəsizlik qüvvələrinin sayından daha çox, hökumətlərin cəmiyyətin etimadını nə dərəcədə qoruya bilməsindən asılı olacaq”.
Safura Bənnayeva
Globalinfo.az