Son illər Avropada miqrasiya məsələsi siyasi və ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Miqrantların cəmiyyətə inteqrasiyası, sosial təminat sisteminə düşən yük, təhlükəsizlik və məşğulluqla bağlı narahatlıqlar yerli əhali arasında müzakirələrə səbəb olur. İqtisadi çətinliklər və yaşayış xərclərinin artması da bu narazılıqları daha da gücləndirir.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, miqrasiya ümumbəşəri problemdir və onun nəticələri xüsusilə Qərb ölkələrində daha ciddi hiss olunur:
“Son onilliklərdə Avropa, ABŞ, Kanada və digər Qərb ölkələri böyük miqrasiya axını ilə üzləşiblər. Bu proses həmin cəmiyyətlərdə siyasi və sosial qütbləşməni gücləndirən amillərdən birinə çevrilib.
Miqrantların əhəmiyyətli hissəsi gəldikləri ölkələrin qanunlarına və cəmiyyətin qaydalarına uyğunlaşmaqda çətinlik çəkir. Onların yerli cəmiyyətə inteqrasiyasında yaranan problemlər isə zamanla etnik, dini və sosial ziddiyyətləri dərinləşdirir.
Məhz buna görə son illərdə Avropada, ABŞ-da və digər ölkələrdə miqrantlara münasibət sərtləşib. Bir sıra dövlətlər miqrasiya ilə bağlı qanunvericiliyə dəyişikliklər edib, qəbul qaydalarını və məhdudiyyətləri sərtləşdiriblər”.
Politoloqun sözlərinə görə, bu addımların əsas məqsədi ölkələrə miqrant axınını nəzarətdə saxlamaqdır:
“Son statistik göstəricilər Avropanın bir sıra ölkələrində miqrant əhalinin payının artdığını göstərir. Avropa ölkələrində yerli əhalinin artım tempi aşağıdır. Doğum səviyyəsinin zəif olması, əhalinin yaşlanması və digər demoqrafik amillər bu prosesi daha da sürətləndirir. Miqrantların sayının artım tempi isə bəzi ölkələrdə yerli əhalinin artımını xeyli üstələyir. Bu da cəmiyyətdə gələcək demoqrafik dəyişikliklərlə bağlı narahatlıq yaradır.
Belə düşüncələr formalaşır ki, qarşıdakı onilliklərdə miqrantların sayı yerli əhali ilə müqayisədə əhəmiyyətli dərəcədə arta və bu, Avropa ölkələrinin sosial və demoqrafik strukturuna təsir göstərə bilər.
Oqtay Qasımov
Miqrasiya müasir dövrün ən ciddi problemlərindən biridir. Əsas məsələ bu prosesin düzgün tənzimlənməsidir. Hər gün Afrika, Asiya və digər iqtisadi cəhətdən zəif regionlardan insanların qeyri-qanuni yollarla Avropaya üz tutduğunu, bu yolda faciələrin baş verdiyini görürük.
Avropa bu məsələdə daha həssas vəziyyətdədir. Məhz buna görə son dövrlərdə keçirilən etiraz aksiyalarında miqrasiya siyasətinə qarşı çıxanların sayı artır. Bu narazılıqların fonunda sağmeyilli siyasi qüvvələrin mövqeləri də güclənir. Hesab edirəm ki, bu tendensiya yaxın gələcəkdə Avropada siyasi qütbləşməni və ictimai gərginliyi daha da artıra bilər”.
Safura Bənnayeva
Globalinfo.az