Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə səfərə gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Nazirlik səfərin hansı məqsədlə həyata keçirildiyini, gündəmin nə olacağını açıqlamayıb. Üstəlik, onun Brüsseldə NATO, yoxsa AB nümayəndələri ilə görüş keçirəcəyi barədə də heç bir məlumat verilməyib.
Qeyd edək ki, bundan öncə Ermənistan NATO-nun KFOR və “Birləşmiş Qılınc” təlimlərində iştirak edəcəyini açıqlayıb. Bu açıqlama Moskvanın narazılığına səbəb olub. Digər tərəfdən isə Papikyanın səfərindən 3 gün öncə İrəvanı ABŞ-ın Avropadakı Quru Qoşunlarının Baş Qərargah rəisinin müavini ziyarət edib. O, Ermənistan rəhbərliyi ilə ölkə orduları ilə təcrübə mübadiləsinin həyata keçirilməsini müzakirə edib. Bu isə KTMT üzvü olan Ermənistana NATO standartlarının təklif edilməsi anlamına gələ bilər. Bununla belə, Papikyanın məhz bu məsələlərin müzakirəsi üçün Brüsselə yollandığını təxmin etmək mümkündür.
İlkin Həsənov
Globalinfo.az