Gemini Generated Image p7ah3rp7ah3rp7ah

Xorvatiyada yaşayan 66 yaşlı Tihomir Pustahija qeyri-adi iş elanı ilə gündəmə gəlib. O, əcdadlarından miras qalan fermasını təkbaşına idarə etmək əvəzinə, yeni bir ailə ilə bölüşmək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, təklifə əsasən, ailə mebelli evdə kirayəsiz yaşayacaq, kənd təsərrüfatı texnikasından istifadə edə biləcək və aylıq 920 avro (təxminən 1800 manat) maaş alacaq.

Bildirilib ki, təklifə geniş bağçası olan, üç yataq otaqlı və bütün zəruri avadanlıqlarla təchiz edilmiş ev daxildir. Bundan əlavə, ailənin istifadəsinə traktor, mişar və digər kənd təsərrüfatı alətləri veriləcək. Fermada tövlələr, toyuq damları və qoyun saxlamaq üçün şərait də mövcuddur.

Tihomir Pustahija bildirib ki, məqsədi ucuz işçi qüvvəsi tapmaq deyil. Onun sözlərinə görə, gündəlik işlər əsasən heyvanlara qulluq və ərazinin abadlaşdırılmasından ibarət olacaq. İşə gündə təxminən 5-6 saat vaxt ayrılması nəzərdə tutulur.

Ot biçmək, ot yığmaq, ağacları budamaq və digər ağır, mövsümi işlər üçün isə əlavə işçilər cəlb ediləcək.

Təklifin ən diqqətçəkən tərəfi ailəyə yalnız yaşayış yeri deyil, həm də rəsmi əmək müqaviləsi və sosial təminat imkanlarının təqdim edilməsidir. Beləliklə, uyğun namizədlər həm kirayə xərcindən azad ola, həm də müntəzəm gəlir əldə edə bilərlər.

Şəhər həyatının səs-küyündən və yüksək yaşayış xərclərindən uzaqlaşmaq istəyənlər üçün maraqlı fürsət kimi qiymətləndirilən bu təklifin əsas şərti isə fermada yaşamaq və gündəlik təsərrüfat işlərində iştirak etməkdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: