ABŞ müdafiə naziri Pit Heqset Konqresdə keçirilən dinləmələr zamanı ölkəsinin nüvə siyasəti ilə bağlı mühüm açıqlamalar verib.
Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, Vaşinqton nüvə silahları və onların çatdırılma sistemləri üzrə sınaqları digər dövlətlərlə eyni səviyyədə həyata keçirməyi planlaşdırır.
Nazir vurğulayıb ki, Donald Tramp administrasiyasının vədlərinə uyğun olaraq ABŞ nüvə triadasının, yəni quru, hava və dəniz komponentlərindən ibarət strateji qüvvələrin modernləşdirilməsi həyata keçiriləcək. Onun sözlərinə görə, bu addım həm çəkindirmə siyasətinin gücləndirilməsinə, həm də mümkün eskalasiyanın idarə olunmasına imkan verəcək.
Heqset əlavə edib ki, ABŞ ordusunda yenidənqurma prosesi aparılır və məqsəd amerikalıların qürur duya biləcəyi hərbi güc formalaşdırmaqdır.
Dinləmələr zamanı o, həmçinin İranla davam edən münaqişəyə də toxunub. Nazir bildirib ki, ABŞ bu əməliyyatı zəruri və əsaslandırılmış addım hesab edir. Odur ki, İranın nüvə silahına sahib olmasına yol verilməyəcək.
Qeyd edək ki, bu dinləmələr ABŞ-ın İranla müharibəsinin başlanmasından sonra müdafiə nazirinin Konqres qarşısında ilk ictimai hesabatı kimi qiymətləndirilir.
Əliyar Xəlil