ehali

Xəbər verdiyimiz kimi, ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə – müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. Hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəlik böhran durumuna hazır olmaları üçün mesaj yayımlayıb.

Dünyanın bir sıra ölkələrində əhalinin fövqəladə vəziyyətlərə hazır olması ilə bağlı çağırışların tez-tez səsləndirilməsinin səbəbi nədir? Bu risklər Azərbaycan üçün də aktualdırmı?

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bu çağırışların tez-tez səsləndirilməsi dünyada geosiyasi gərginliklərin artması ilə yanaşı, rəqəmsal sistemlərdən asılılığın güclənməsi ilə də bağlıdır:

“Müasir dövrdə elektrik enerjisinin, internetin və mobil rabitənin uzun müddət kəsilməsi insanların gündəlik həyatına ciddi təsir göstərə bilər. Xüsusilə dövlət qurumları, banklar, xəstəxanalar və nəqliyyat sistemləri rəqəmsal infrastruktura bağlı olduğundan, kiberhücumlar böyük problemlər yaradır. Bundan başqa, təbii fəlakətlər, texniki qəzalar və enerji təchizatında yaranan fasilələr də əvvəlcədən hazırlıq görməyi zəruri edir. Buna görə bir çox ölkələr vətəndaşlara müəyyən müddət ərzində öz əsas ehtiyaclarını müstəqil şəkildə qarşılamaq üçün ehtiyat saxlamağı tövsiyə edir. Lakin bu çağırışların səsləndirilməsi mütləq müharibə və ya qlobal internetin tamamilə dayanacağı demək deyil”.

Esqin nurusov 142

Eşqin Nuruşov

Ekspert bildirib ki, Azərbaycan da rəqəmsal təhlükəsizlik, enerji təchizatı və rabitə infrastrukturunun dayanıqlılığı baxımından bu riskləri nəzərə almalıdır:

“Bununla belə, hazırkı məlumatlar əsasında ölkədə mütləq böhran yaşanacağını söyləmək üçün əsas yoxdur. Əhalinin internet və elektrik kəsintilərinə, eləcə də digər fövqəladə hallara hazırlıqlı olması məqsədəuyğundur. Ən vacibi isə rəsmi xəbərdarlıqları izləmək, vacib sənədlərin elektron və kağız nüsxələrini saxlamaq, telefon üçün enerji ehtiyatı və bir neçə günlük zəruri ləvazimat hazırlamaqdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: