Rusiyanın müharibədə II planı işə düşdü: Hədəf tamam başqadır! – Politoloq

ABŞ Müharibənin Araşdırılması İnstitutunun (ISW) məlumatına görə, Rusiyada növbəti səfərbərlik dalğası gözlənilir. Gizli səfərbərliyin davam etdirilməsi və cari çağırış ilə tandemdə növbəti səfərbərlik dalğasına hazırlıq, çox güman, həddən artıq yüklənmiş Silahlı Qüvvələrin aparatının formalaşmasında gərginliyə səbəb olacaq.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatı da bu informasiyanı təsdiqləyir. Bildirilib ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır.

Bəzi ekspertlər hesab edirlər ki, səfərbərlik Ukraynada cəbhəyə köçürülən rus qoşunlarının ümumi keyfiyyətini pisləşdirəcək.

Maraqlıdır, Rusiyada növbəti səfərbərlik dalğası nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyada hərbi vəziyyətin elan olunması gözlənilirdi:

“Kreml uzunmüddətli müharibəyə hazırlaşır. Rəsmi Moskvanın ölkə iqtisadiyyatını və hərbi-sənaye kompleksini yenidən təşkil etməsi bunun göstəricisidir. Rusiya Prezidenti Vladimir Putinin iqtisadiyyatın və hərbi sənaye kompleksinin yenidən təşkili ilə bağlı həyata keçirdiyi tədbirlər Moskvanın hərbi vəziyyətin tətbiqinə hazırlıqlarından xəbər verir.

Rusiya savaşı davam etdirmək üçün bütün resurslarını istifadə etməyə çalışır. Ukraynadakı qoşunlara yeni komandanın təyin olunması da Kremlin uzunmüddətli və genişmiqyaslı işğala hazırlaşdığını göstərir.

Savaşın, az qala, bir ildir davam etməsinə rəğmən Rusiya demək olar, ciddi uğur əldə etməyib. Bu, rəsmi Moskvanın hərbi nüfuzuna zərbə oldu. Kreml itirilmiş reputasiyasını bərpa etməyə çalışır. Çox güman, Ukraynadakı döyüşlərə yeni komandanın təyin olunması həm də bununla bağlıdır”.

Ekspertin sözlərinə görə, Rusiya hakimiyyəti ordusu ilə bağlı təsəvvürlərin puça çıxmasını istəmir:

“Əvvəllər rəsmi Moskvanı düşündürən təkcə müharibədən qalib ayrılmaq və Ukrayna torpaqlarını özünə birləşdirmək idisə, indi həm də ordusunun nüfuzunu qaldırmağa çalışır. Bu mənada Rusiya məqsədinə nail olanadək döyüşləri davam etdirəcək. Bu baxımdan Ukrayna kəşfiyyatının müharibənin müddəti ilə bağlı proqnozunu real hesab etmək olar”.

Turan Rzayev
Globalinfo.az