Pakistanın Bakıdakı səfirliyində “Kəşmirin Qara Günü”nə həsr olunmuş tədbir təşkil edilib.
Globalinfo.az xəbər verir ki, tədbir 1947-ci il oktyabrın 27-də Hindistan qoşunlarının Şrinakar şəhərinə daxil olaraq Cammu və Kəşmiri yerli əhalinin iradəsinə zidd şəkildə işğal etməsinin ildönümü ilə əlaqədar keçirilib.
Mərasimdə vətəndaş cəmiyyəti və beyin mərkəzlərinin nümayəndələri, media təmsilçiləri, Pakistan icmasının üzvləri, azərbaycanlı ziyalılar və tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Məhəmməd Şahbaz Şərif, eləcə də Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın müraciətləri iştirakçılara çatdırılıb.
Pakistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Sara İjaz çıxışında ölkəsinin Kəşmir xalqı ilə həmrəyliyinin davamlı olduğunu və onların öz müqəddəratını təyin etmək hüququnu dəstəklədiyini bildirib. O, xüsusilə 2019-cu il avqustun 5-də Hindistan Konstitusiyasının 370-ci və 35-A maddələrinin ləğvindən sonra Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmir ərazisində insan hüquqlarının pozulmasının davam etdiyini diqqətə çatdırıb. Səfirliyin nümayəndəsi özbaşına həbslər, məhkəmədənkənar qətllər, media və kommunikasiya vasitələrinə qoyulan məhdudiyyətlər, eləcə də ərazinin demoqrafik quruluşunun dəyişdirilməsi istiqamətindəki cəhdlərdən danışıb.
Tədbir iştirakçılarına Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmirdə insan hüquqlarının vəziyyətini əks etdirən foto sərgi də təqdim olunub. Pakistan icmasının nümayəndələri, azərbaycanlı ziyalılar, tələbələr və Pakistanın Azərbaycandakı dostları Kəşmir xalqına dəstəklərini və həmrəyliklərini ifadə ediblər.
Ləman İmran
Globalinfo.az

