Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Ankaranın ailə məclisi kimi gördüyü Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına yenidən ev sahibliyi edəcəyini bildirib.
“İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”, – Ərdoğan qeyd edib.
Türkiyə-Azərbaycan gərginliyi fonuna Ankaranın atdığı addımlar diqqət çəkir. Bunlardan biri də ölkəmizi hədəf alan Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən azad edilməsidir.
Saraldan sonra yenə də cəzalandırılan olacaq? Onun son manevrləri Türkiyə-Azərbaycan münasibətlərində müsbət dönüş yaradacaq?
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, indi əsas məsələ iki ölkə arasında strateji müttəfiqliyə xələl gətirə biləcək ritorikanın qarşısının alınmasıdır:
“Çünki Azərbaycan və Türkiyə münasibətləri daha geniş məzmun daşıyır. Bu əlaqələrin əsasında ortaq maraqlar, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və geosiyasi reallıqlar dayanır. Hər iki xalqın eyni kökə malik olması isə bu münasibətləri daha da möhkəmləndirir və etibarlı edir. Ərdoğanın bu ifadəsi Türkiyə-Azərbaycan münasibətlərində son vaxtlar yaranan həssaslıqlara siyasi reaksiyadır.

Mütəllim Rəhimli
Oktay Saral məsələsindən sonra bəzi ifratçı şəxslərin cəzalandırılması mümküdür. Artıq mediada yazılanlara görə, Azərbaycana girişinə qadağa qoyulan iki Türkiyə vətəndaşının polisə çağırıldığı bildirilir. Bunlar Türkiyədə siyasi rəhbərliyin Azərbaycanla münasibətlərə həssas yanaşmasını və ziddiyyətli açıqlamaların arzuolunmaz hesab edilə biləcəyini göstərir.
Bütün bunların Türkiyə-Azərbaycan münasibətlərində müsbət dönüş yaradıb-yaratmayacağı isə qarşıdakı günlərdə bilinəcək. Xüsusilə oktyabrın 30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə vəziyyət daha aydın görünəcək”.
Turan Rzayev
Globalinfo.az