“Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) digər tərəfdaşlarımız təşkilat çərçivəsində və ikitərəfli münasibətlərdə bizə qarşı götürdükləri öhdəlikləri vicdanla yerinə yetirəcək və onları pozmayacaqlar. Təəssüf ki, son aylarda bunun əksini göstərən nümunələrlə qarşılaşırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Niderlandın xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında deyib.
“Bununla belə, bizim mövqeyimiz belədir: nə baş verməsindən asılı olmayaraq, qərarlarımızın və davranışımızın mərkəzində dövlətçiliyimiz, Ermənistanın müstəqilliyi, suverenliyi, o cümlədən müstəqil qərarlar qəbul etmək hüququ dayanır. Ən azı, bunu bazarlıq mövzusuna çevirməyəcəyik.
Biz digər tərəfdaşlarımızla konstruktiv şəkildə əməkdaşlıq etməyə və dialoq aparmağa çalışacağıq. Lakin bütün bunlarda, əlbəttə ki, dövlətçiliyimizi əsas götürəcəyik”, – deyə Mirzoyan əlavə edib.
Qeyd edək ki, Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımlar Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olub. Mayın 29-da Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri İrəvana Aİİ-də qalmaq və ya Avropa İttifaqına qoşulmaq məsələsi ilə bağlı referendum keçirməyi təklif ediblər. Moskva Ermənistanın bu tələbi yerinə yetirməməsinin gələcək qərarlara təsir edə biləcəyini də bildirib. Oktyabrda isə Ermənistanın Aİİ-yə üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabat hazırlanıb və məsələnin dekabrda müzakirəsi gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az