Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edilən və ötən gün saxlanılan “Köklü Değişim Medya” nəşrinin İstanbul təmsilçisi Muhammed Emin Yıldırım Türkiyədə saxlanıldıqdan sonra sərbəst buraxılıb. O, Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında keçirilən aksiyada ölkə rəhbərliyinə qarşı təhqir və təhdidlər ehtiva edən bəyanatı oxuması ilə gündəmə gəlmişdi. Bundan əvvəl Oktay Saralın vəzifəsindən ayrılması da diqqət çəkmişdi. Beləliklə, Azərbaycanla bağlı baş verənlər Türkiyədə bir sıra şəxslərin taleyi ilə bağlı suallar yaradıb. Yıldırımın sərbəst buraxılmasına baxmayaraq, onun gələcəkdə nə ilə üzləşib-üzləşməyəcəyi maraq doğurur.
Ankara Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edilən digər şəxslərlə bağlı da addım atacaqmı?
Globalinfo.az-a danışan politoloq Anar İsayev deyib ki, Ankara ilə Bakı arasında bu məsələdə müəyyən koordinasiyanın davam etməsi mümkündür:
“Lakin Türkiyə vətəndaşlarının “arzuolunmaz şəxs” elan edilməsi avtomatik olaraq onların orada cəzalandırılması demək deyil. Burada hüquqi əsaslar, konkret şəxslərin hərəkətləri və Türkiyənin daxili siyasi maraqları həlledici olacaq. Oktay Saral ətrafında baş verənlər və Yıldırımın saxlanılması göstərir ki, məsələ artıq sadəcə diplomatik narazılıq çərçivəsində qalmır. Əgər Azərbaycan rəhbərliyinə qarşı təhdid və təhqirlərlə bağlı hüquqi əsaslar varsa, Türkiyədə də müvafiq tədbirlərin görülməsi mümkündür”.
Anar İsayev
Politoloq bildirib ki, Ankara Azərbaycanla strateji müttəfiqliyə xələl gətirən, ikitərəfli münasibətlərdə gərginlik yaradan hallara,şəxslərə qarşı daha həssas mövqe nümayiş etdirəcək:
“Ancaq hər bir şəxslə bağlı qərar ayrıca hüquqi qiymətləndirməyə əsaslanmalıdır. Burada əsas məqam odur ki, Bakı bu məsələyə təkcə ayrı-ayrı şəxslərin cəzalandırılması kimi yox, Azərbaycan dövlətinə və onun institutlarına qarşı təhdidlərin qarşısının alınması kimi yanaşır. Ankara da öz növbəsində həm müttəfiqlik münasibətlərini, həm də hüquqi prosedurları nəzərə almalıdır. Hesab edirəm ki, prosesin başqa şəxslərlə bağlı davam etməsi istisna deyil. Lakin bunu əvvəlcədən müəyyənləşmiş cəza kampaniyası kimi təqdim etmək düzgün olmaz. Əsas göstərici Türkiyə hakimiyyətinin bundan sonra konkret hüquqi addımlar atıb-atmayacağı olacaq”.
Ləman İmran
Globalinfo.az