“Müstəqil dövlətin təhsil siyasətini dini müstəviyə çəkmək və siyasi məqsədlərlə istifadə etmək daxili işlərimizə müdaxilə cəhdidir. Bu, qarşılıqlı hörmət prinsiplərinə ziddir və qəbuledilməzdir.
Bu sözləri Globalinfo.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov deyib.
O bildirib ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi yersiz yanaşmadır:
“İran rəsmiləri ilk növbədə öz ölkələrindəki vəziyyətə diqqət yetirməlidirlər. İrandakı milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanları məhduddur. İran Konstitusiyasının 15-ci maddəsi regional və etnik dillərin tədrisinə imkan versə də, reallıqda bu hüququn həyata keçirilməsinə imkan verilmir”.
V.Qafarov qeyd edib ki, İranın elm, tədqiqat və texnologiya nazirinə İrana dəvət etdiyi qızlara bağlı başqa bir sual da ünvanlamaq lazımdır:
“Onlara hansı dildə dərs keçəcəksiniz? Ana dilində təhsil almaq hüququnu öz ölkəsində lazımi səviyyədə təmin etməyən bir dövlət azərbaycanlı gənclərə hansı təhsil modelini təklif edir? Təhsil hüququ həqiqətən əsas götürülürsə, bu hüquq ilk növbədə İranda yaşayan azərbaycanlılar üçün təmin olunmalıdır.
Vasif Qafarov
Məsələnin digər tərəfi qadınların geyim seçimi ilə bağlıdır. İranda məcburi hicab qaydaları qadınların gündəlik həyatına, təhsilinə və ictimai fəaliyyətinə təsir göstərir. Belə bir şəraitdə İran rəsmisinin Azərbaycandakı qızların məktəb geyimi ilə bağlı narahatlıq ifadə etməsi ikili standart təsiri yaradır. Əgər İran azərbaycanlı qızların təhsil hüququnu müdafiə etmək istəyirsə, onda öz ölkəsində məcburi hicab qaydalarına əməl etmək istəməyən qadınların hüquqlarına da eyni həssaslıqla yanaşmalıdır. Azərbaycan da İranda hicab taxmaq istəməyən, başıaçıq təhsil almaq arzusunda olan iranlı xanımları öz təhsil müəssisələrinə dəvət etsə, Tehran buna necə münasibət göstərər? Bu sualın özü yanaşmadakı ziddiyyəti aydın göstərir”.
Vasif Qafarov Azərbaycanın dünyəvi dövlət olduğunu xatırladıb:
“Məktəblərdə müəyyən edilmiş geyim qaydaları ölkənin qanunvericiliyinə və təhsil siyasətinə əsaslanır. Dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlətin və təhsil sisteminin hər hansı dini yanaşmanın təsiri altında idarə olunmamasıdır. Buna görə də məktəbli geyimi məsələsini dini qarşıdurmaya çevirmək, azərbaycanlı qızlara xaricdən çağırışlar ünvanlamaq nə təhsilin inkişafına, nə də iki ölkə arasındakı münasibətlərə xidmət edir. İran rəsmiləri başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrindəki sosial, iqtisadi və təhsil problemlərinin həllinə diqqət yetirməlidirlər”.
Zaira Akifqızı
Globalinfo.az