Polşa Hərbi Hava Qüvvələrində F-16 qırıcı təyyarələrini idarə etmək üçün pilot çatışmazlığı yaşanır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb.
Bildirilib ki, Polşanın arsenalında olan 47 F-16 qırıcısının normal istismarı üçün ən azı 70 hazırlıqlı pilot tələb olunur.
Lakin hazırda Polşaya məxsus F-16 təyyarələrini cəmi 40 pilot idarə edir.
Nəşr pilot çatışmazlığının səbəbləri arasında hərbi personalın hazırlanmasındakı çətinlikləri və bir çox pilotun ABŞ istehsalı olan daha müasir, beşinci nəsil F-35 qırıcılarını idarə etmək istəyini göstərib.
Qeyd edək ki, Polşa 2003-cü ildə ABŞ ilə 3,6 milyard dollar qarşılığında 48 F-16 qırıcısının alınmasına dair müqavilə imzalayıb. Təyyarələrin bütün partiyası 2006–2008-ci illərdə Polşaya gətirilib. 2025-ci il avqustun 28-də Radom şəhəri yaxınlığında təlim uçuşu zamanı Polşaya məxsus bir F-16 qırıcısı qəzaya uğrayıb.
Bundan əvvəl Polşa Silahlanma Qrupunun (PGZ) Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan F-16 və MiQ-29 qırıcılarının təmiri və modernləşdirilməsi imkanlarını nəzərdən keçirdiyi bildirilmişdi.
Xatırladaq ki, Polşa daha əvvəl Rusiya ilə müharibəyə hazır olduğunu bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az