QARABAG Bayraklar ve Harabeler

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycana səfər edib. Səfər çərçivəsində o, əvvəlcə Prezident İlham Əliyev, daha sonra isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Hindistan Azərbaycanla münasibətləri heç vaxt tam mənada isti olmayan, arada ciddi fikir ayrılıqları mövcud olan nadir ölkələrdəndir. Bunun başlıca səbəbləri var.

Birincisi, Hindistan istər işğal dövründə, istərsə də hazırda Ermənistanın əsas silah təchizatçılarından biridir. Rəsmi Bakı bunu hər zaman öz təhlükəsizliyi və regional maraqları baxımından təhdid kimi qiymətləndirib.

İkincisi, Azərbaycan Hindistanın əsas rəqiblərindən biri olan Pakistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə malikdir. Rəsmi Bakı Kəşmir münaqişəsi ilə bağlı məsələlərdə dəfələrlə Pakistanın mövqeyinə dəstək ifadə edib. Bu amillər Bakı ilə Dehli arasında münasibətlərin inkişafına mane olan əsas səbəblərdən olub.

Lakin geridə qoyduğumuz 30 ildə, xüsusilə də son altı ildə regionda və beynəlxalq münasibətlər sistemində çox şey dəyişib. Azərbaycan torpaqlarını işğaldan azad edib, Cənubi Qafqazda sülh gündəliyi formalaşıb, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv danışıqlar aparılır. Bundan başqa, rəsmi Bakı həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində mühüm tranzit mərkəzi rolunu oynayır. Eyni zamanda, Azərbaycan son illərdə enerji siyasəti ilə qlobal güclərin diqqətini çəkməyi bacarıb. Başqa sözlə, Bakının beynəlxalq siyasi çəkisinin artması Dehlinin də diqqətindən kənarda qalmayıb.

Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla Bakıda keçirilən mətbuat brifinqində iki ölkə arasında fikir ayrılıqlarının mövcudluğunu xüsusi vurğulayıb.

Bayramov bildirib: “Son illər ərzində iki ölkə arasında bir sıra məsələlərdə fikir müxtəlifliyi olub. Bu da istər-istəməz həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq əməkdaşlıq məsələlərinə təsir edirdi. Biz bu gün çox açıq və ətraflı şəkildə bütün bu məsələləri müzakirə etdik. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərin inkişafına zəmin yaradacaq”.

Bayramovun bu məqamı xüsusi qeyd etməsi vacibdir. Bu, Azərbaycanın əvvəlki fikir ayrılıqlarını unutmadığını, lakin münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu göstərir. Məncə, Azərbaycan xarici siyasətinin ən uğurlu cəhətlərindən biri də məhz budur: Bakı əməkdaşlıq və tərəfdaşlıq üçün hər zaman açıq qapı siyasəti yürütməyi bacarır. Ölkəmiz öz milli maraqlarını qorumaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını da nəzərdən keçirir.

Münasibətlərdə yeni mərhələ

Hindistan böyük iqtisadi və siyasi potensiala malik dövlətdir. Belə bir ölkə ilə münasibətləri gərgin saxlamaq Bakının maraqlarına uyğun deyil. Eyni zamanda, Azərbaycan Hindistan üçün ərazisinə və əhalisinə görə nisbətən kiçik ölkə olsa da, beynəlxalq siyasətdə müəyyən çəkisi, geniş tranzit imkanları və enerji potensialı olan dövlətdir. Son illərdə iki ölkənin maraqlarının müəyyən sahələrdə üst-üstə düşməsi əməkdaşlığı həm zəruri, həm də real edir.

Təsadüfi deyil ki, Hindistan və Azərbaycan neft sənayesi və energetika ilə yanaşı, investisiya əməkdaşlığını digər sahələrdə də genişləndirmək barədə razılığa gəliblər. Danışıqlarda ticarət, investisiya və energetikaya xüsusi diqqət yetirilməklə ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.

Hindistan şirkətləri Azərbaycanda uzun müddətdir fəaliyyət göstərirlər. Bu baxımdan həmin şirkətlərin ölkəmizə yeni investisiyalar yatırması və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq prosesində iştirak etməsi Bakı üçün faydalı ola bilər. Əlbəttə, bu əməkdaşlığın miqyası konkret investisiya qərarlarından və tərəflərin qarşılıqlı maraqlarından asılı olacaq.

Səfərin diqqətçəkən məqamlarından biri də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Ceyhun Bayramovu Hindistana səfərə dəvət etməsidir. İstisna deyil ki, Azərbaycan xarici işlər naziri bu dəvəti qəbul etsin. Çünki Hindistan kimi böyük bir ölkə ilə təmaslar və münasibətlərin inkişafı bir görüşlə yekunlaşa bilməz. Əksinə, bu səfər iki ölkə arasında mövcud fikir ayrılıqlarının müzakirəsi, qarşılıqlı etimadın formalaşdırılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün başlanğıc ola bilər.

turan rzayev 1 900x720 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: