imtahan 3

“Gənclər ixtisası həqiqətən özləri seçirlərmi? Bu sualın cavabı düşündüyümüz qədər sadə deyil. Dövlət İmtahan Mərkəzinin (DİM) psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanlarından sonra aparılan araşdırmada diqqətimi çəkən məqamlardan biri də gənclərin ixtisas seçiminə təsir edən amillərlə bağlı oldu”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər DİM sədri Məleykə Abbaszadənin “Facebook” hesabındakı paylaşımında yer alıb.

“Sorğuda iştirak edən cari ilin məzunları arasında 3,2% ixtisas seçimində yalnız şəxsi maraqlarını əsas götürüb. 41,8% şəxsi maraqlarını gələcək karyera, gəlir, status və digər amillərlə əlaqələndirib. 31,2% isə seçimində daha çox xarici amillərə — ailə gözləntilərinə, topladığı balın yaratdığı imkanlara və digər şərtlərə əsaslanıb. 23,4 faizi karyera, status və gəlirlə bağlı daha praqmatik qrupa aid olub.

Əlbəttə, yalnız 3,2%-in şəxsi marağı əsas götürməsi digər gənclərin öz maraqlarını nəzərə almadığı anlamına gəlmir. Əksinə, nəticələr göstərir ki, ixtisas seçimi əksər hallarda bir neçə amilin təsiri altında formalaşır.

Amma araşdırmada daha bir maraqlı məqam var.

İxtisas seçimində daha çox ailəsinin istəklərini və digər xarici şərtləri nəzərə alan gənclər imtahan zamanı daha çox stres və təzyiq hiss etdiklərini, imtahanın isə onlar üçün daha çətin olduğunu bildiriblər.

Bu nəticə bizi başqa bir sual üzərində düşünməyə vadar edir: Biz gənclərə gələcək peşələrini seçməkdə kömək edirik, yoxsa bəzən öz gözləntilərimizi onların seçimlərinə çeviririk?

Valideynlərin övladlarının gələcəyini düşünməsi, onların sabit gəlirli, perspektivli peşəyə yiyələnməsini istəməsi tamamilə təbiidir. Əmək bazarının tələblərini və gələcək imkanları nəzərə almaq da vacibdir.

Ancaq bütün bunların arasında gəncin öz maraqları, qabiliyyətləri və istəkləri arxa plana keçməməlidir.

Çünki ixtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil. Bu, insanın həyatının əhəmiyyətli bir hissəsini hansı sahəyə həsr etmək istədiyi barədə ilk ciddi seçimlərindən biridir.

Məncə, biz gənclərdən “Neçə bal toplamısan?” və “Hansı ixtisasa qəbul olacaqsan?” suallarını soruşduğumuz qədər, “Sən özünü gələcəkdə hansı işdə xoşbəxt hiss edərsən?” sualını da soruşmalıyıq.

Bəlkə də peşə seçiminə dəstək məhz bu sualdan başlamalıdır.

DİM-in psixoloqlarının hazırladığı “Abituriyent imtahanı necə qavrayır?” adlı araşdırmada bu mövzu ilə bağlı digər maraqlı nəticələrlə də tanış olmaq mümkündür”, – paylaşımda deyilir.

Paylaş: