Turkiy%C9%99

Şərqi Aralıq dənizində və Yaxın Şərqdə qüvvələr balansını əsaslı şəkildə dəyişəcək mühüm hadisə baş verib. Liviya Nümayəndələr Palatası Türkiyə ilə illər əvvəl imzalanan dəniz sərhədlərinin müəyyənləşdirilməsi haqqında memorandumu rəsmi olaraq ratifikasiya edib. Bu strateji addım bölgədə yeni geosiyasi reallıq yaradıb.

Globalinfo.az xəbər verir ki, Şərqi Liviya parlamentinin bu qərarı illərdir davam edən gərginlik fonunda Ankaranın mövqeyini qətiyyətlə möhkəmləndirib.

Xatırladaq ki, Türkiyə bu sənədi hələ 2019-cu ildə Tripolidəki BMT tərəfindən tanınan hökumətlə imzalayıb. Lakin o dövrdə Benqazidəki qüvvələr və general Xəlifə Həftərin tərəfdarları bu sazişi rədd ediblər.

Son dövrlərdə isə ABŞ-ın yeni administrasiyasının vasitəçiliyi, Liviyanın birləşdirilməsi istiqamətində atılan addımlar və Həftərin oğlu Səddam Həftərin Ankaraya səfərləri siyasi mənzərəni kökündən dəyişib. Nəticədə yeni spikerin təqdimatı ilə Liviya parlamenti sözügedən dəniz sərhədləri memorandumunu təsdiqləyib və 2020-ci ildə qəbul edilən diplomatik əlaqələrin kəsilməsi qərarını ləğv edib.

Bu inkişaf rəsmi Afinanın və Cənubi Kiprin kəskin etirazına səbəb olub, Avropa Komissiyası da sazişi “qeyri-legitim” adlandırıb. Yunanıstan bu sazişin qarşısını almaq üçün Misir, İsrail və BƏƏ-ni səfərbər etməyə çalışsa da, regionda baş verən qlobal proseslər, xüsusilə Türkiyə-Misir münasibətlərinin normallaşması və ABŞ-ın Ankaraya bölgədə daha fəal rol vermək istəməsi bu səyləri nəticəsiz qoyub. Ekspertlər hesab edirlər ki, bu addım Türkiyənin Şərqi Aralıq dənizindəki hüquqlarını və iqtisadi maraqlarını qorumaqla yanaşı, regiondakı geosiyasi təsir imkanlarını zirvəyə çatdırıb.

Əliyar Xəlil,
Globalinfo.az

Paylaş: