Bakıda uşaqların erkən inkişaf mərkəzində autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır.
Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, hadisə “Brain Academy” uşaqların erkən inkişaf mərkəzinin Bakıxanov filialında baş verib. Sözügedən mərkəzdə 2 yaşlı autizm spektrli uşağın zorakılığa məruz qalması barədə görüntülər yayılıb.
Azyaşlının valideynləri bununla bağlı şikayət ediblər.
***15:32
“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli azyaşlı uşağa qarşı zorakılıq halları qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə uşağın yaxını Ramin Balayev Bakues.az-a şikayət məktubu göndərib.
Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən 2 yaşlı autizm spektrli azyaşlı uşaq ağır fiziki şiddətə və zorakılığa məruz qalıb.
Bərpa olunmaq, inkişaf etmək əvəzinə uşağın üzünə və başına zərbələr endirilib, ona ağır psixoloji travma yaşadılıb.
Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərdə müəssisə əməkdaşının 2 yaşlı köməksiz uşağın başından və üzündən vurması, uşağın isə dözülməz ağrı və qorxudan dayanmadan ağlaması əks olunub.
Uşağın yaxınları hadisədən sonra uşaqda dərin psixoloji travmanın yarandığını, onun daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.