sari jiletliler

“Fransada illərdir təkrarlanan kütləvi etirazlar ayrı-ayrı qərarlara qarşı narazılıqdan daha geniş problemin, yəni sosial siyasətlə cəmiyyətin gözləntiləri arasındakı ziddiyyətin və hakimiyyətə inamın zəifləməsinin göstəricisidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova Fransada davam edən etiraz aksiyaları ilə bağlı danışarkən deyib:

“Prezident Emmanuel Makronun hakimiyyəti dövründə “Sarı jiletlilər” hərəkatından 2023-cü ildə pensiya islahatı ətrafında baş verən qarşıdurmalara qədər uzanan proseslər göstərdi ki, sosial narazılıq artıq epizodik xarakter daşımır, siyasi idarəetmənin dayanıqlılığına təsir edən amilə çevrilib. Bu etirazların kökündə yaşayış xərclərinin artması, sosial təminatla bağlı narahatlıqlar və islahatların cəmiyyət tərəfindən ədalətli hesab edilməməsi dayanır. Məsələ yalnız qəbul edilən qərarların məzmununda deyil, həm də onların necə hazırlanmasında və həyata keçirilməsindədir.

Hökumət iqtisadi və maliyyə zərurətlərini əsas gətirsə də, ictimai razılıq olmadan həyata keçirilən islahatlar legitimlik problemi yaradır. Beləliklə, Makron hakimiyyətinin əsas siyasi çətinliyi islahatların zəruriliyini əsaslandırmaqla yanaşı, onların sosial yükünün ədalətli bölüşdürülməsinə və cəmiyyətin etimadının qorunmasına nail olmaqdır.

Böhranın ikinci mühüm tərəfi fundamental hüquqların qorunmasıdır. Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunja Miyatoviç 2023-cü il martın 24-də Fransada nümayişlər zamanı həddindən artıq güc tətbiqi ilə bağlı narahatlığını bildirmişdi. Bu məsələ göstərir ki, ictimai asayişin təmin edilməsi dövlətin məsuliyyətidir. Lakin həmin məsuliyyət dinc etiraz hüququnun məhdudlaşdırılmasına və qeyri-mütənasib güc tətbiqinə bəraət qazandırmır.

Ayten Qurbanova 1532 900x614 1

Aytən Qurbanova

Fransadakı hadisələr Avropa İttifaqının demokratik prinsiplərə sadiqliyi baxımından da əhəmiyyətlidir. İnsan hüquqları və hüququn aliliyi yalnız ittifaqdan kənar ölkələrə münasibətdə deyil, üzv dövlətlərin özündə də eyni meyarlarla qiymətləndirilməlidir. Əks halda, universal dəyərlərin müdafiəsi ilə siyasi münasibətlərdə tətbiq olunan yanaşmalar arasında ziddiyyət yaranır.

Ona görə də əsas meyar bəyanatların sərtliyi deyil, mümkün pozuntuların araşdırılması, məsul şəxslərin cavabdehliyinin təmin edilməsi və bu cür halların təkrarlanmasının qarşısını alan mexanizmlərin effektivliyidir.

Hazırkı şəraitdə Makron hakimiyyətinin qarşısında duran əsas vəzifə yalnız sabitliyi qorumaq deyil, həm də onun sosial əsaslarını möhkəmləndirməkdir. Bunun yolu daha ədalətli sosial siyasətdən, qərarvermə prosesində ictimai iştirakın genişləndirilməsindən və fundamental hüquqların təminatından keçir. Əks halda, Fransada təkrarlanan etirazlar ayrı-ayrı islahatlara qarşı müqavimətdən daha geniş siyasi legitimlik böhranının əlaməti olaraq qalacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: