Payız və qış aylarında müxtəlif xəstəliklərin yayılması artır. Xüsusilə uşaqlar arasında qrip və göy öskürək halları müşahidə olunur. Bu xəstəliklərə qarşı fərqli üsullardan istifadə edilir, onlardan biri də eşşək südüdür. Onun göy öskürəyə yaxşı təsir etdiyi deyilir.
Eşşək südü göy öskürəyin müalicəsində nə dərəcədə effektlidir? Ümumiyyətlə, eşşək südünün belə bir faydası nəyə əsasən deyilir?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, xalq təbabətinin müxtəlif üsulları akademik təbabət, dərman preparatları və vaksinlər yaranana qədər tarixən geniş tətbiq olunub:
“Hazırda da bəzi üsullardan ehtimal olunan və ya müşahidə edilən təsirlərinə görə istifadə edilir. Təbii mənşəli dərman preparatları, ekstraktlar, cövhərlər, eləcə də uzunqulaq südü tərkibindəki zülal, A, B1, B2, C və E vitaminləri, həmçinin minerallara görə faydalı məhsullar hesab olunur. Bu məhsulların immun sisteminə dəstək göstərdiyi, allergik, ürək-damar və həzm sistemi xəstəliklərində tarixən istifadə edildiyi bildirilir. Lakin bunlar yalnız yardımçı vasitə kimi tətbiq oluna bilər”.
Adil Qeybulla
Professor bildirib ki, göyöskürək milli peyvənd təqviminə daxildir:
“Uşaqların bu xəstəlikdən qorunması üçün peyvənd olunması vacibdir. Göyöskürək ağır xəstəlikdir və bəzi hallarda ölümlə nəticələnə bilər. Buna görə də yalnız eşşək südünə güvənərək xəstəliyi müalicə etmək mümkün deyil. Milli peyvənd təqvimində nəzərdə tutulan göyöskürək vaksinləri vaxtında vurulmalıdır. Əvvəllər AKDS adlandırılan, hazırda isə heksavaksinlərin tərkibində tətbiq olunan vaksinlər uşaqların bu xəstəlikdən qorunmasında mühüm rol oynayır”.
Ləman İmran
Globalinfo.az