Mətbəxdə geniş istifadə olunan limon turşusu əslində limondan hazırlanmır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Healthline” nəşri araşdırma dərc edib.
Məlumata görə, XX əsrin əvvəllərində alimlər limon turşusunun daha ucuz istehsal üsulunu tapıblar.
Əvvəllər bu maddə sitrus meyvələrinin şirəsindən əldə olunsa da, üsul baha başa gəldiyindən sənaye istehsalında dəyişiklik edilib. Belə ki, bir limondan çox az miqdarda toz əldə etmək mümkündür. Bu üsulla istehsal davam etsəydi, limon turşusu “qızıl qiymətinə” satılardı.
Hazırda bu maddə xüsusi kif göbələyinin köməyi ilə hazırlanır. Göbələk yüksək karbohidratlı qarışıqla qidalandırılır, şəkəri parçalayaraq maye əmələ gətirir. Daha sonra həmin maye zavod şəraitində emal edilərək limon turşusuna çevrilir. Bu üsul limonlardan turşu əldə etməklə müqayisədə xeyli ucuzdur.
Qida sənayesində E330 kodu ilə tanınan limon turşusu konfetlərdə, bişmiş məhsullarda, souslarda, içkilərdə və konservlərdə istifadə olunur. Bundan başqa, ərp və çöküntüləri təmizləmək xüsusiyyətinə görə təmizləyici və dezinfeksiyaedici vasitələrin istehsalında da tətbiq edilir.
Limon turşusu iştahanın yaxşılaşmasına, enerji mübadiləsinin dəstəklənməsinə və orqanizmin mineralları mənimsəməsinə kömək edə bilər.
Bununla belə, limon turşusunun həddindən artıq qəbulu diş minasına zərər verə, mədə yanmasına və qastrit əlamətlərinə səbəb ola bilər.
Leyla Əlisoy
Globalinfo.az