Xəbər verdiyimiz kimi, oktyabrın 12-də Bakı və ətraf qəsəbələrdə hicabla bağlı aksiyalar keçirilib. Baş verənlərin vahid mərkəzdən idarə olunduğu və hətta koordinasiyanın İrandan həyata keçirildiyi barədə iddialar səsləndirilir. Paralel olaraq, Türkiyədəki bəzi dairələrin də bu istiqamətdə rolu vurğulanır, daha təhlükəli təhdidə çevrildiyi deyilir.
Bütün bunlar təhlükəsizliyimizə nə kimi problemlər yaradır?
Globalinfo.az-a danışan Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu deyib ki, uzun müddətdir Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı və ətraf qəsəbələrdə İran, fars şovinizmini islam dini kimi təqdim etməyə çalışır:
“Bununla da dini təsir vasitəsilə Azərbaycan dövləti üzərində təzyiq yaratmağa cəhd göstərir. İran öz inzibati-siyasi sərhədlərini özünə xas geyim forması və təbliğ etdiyi radikal məzhəbçilik əsasında müəyyənləşdirir. Tehran hesab edir ki, dini-mədəni təsirini, əslində isə fars şovinizminin təsirini yaya bildiyi ərazilər ona bağlıdır. Bu yanaşma ilə insanların dini inanclarından istifadə edərək dövlətlərə qarşı təzyiq yaratmağa çalışır”.
Hikmət Babaoğlu
Deputat qeyd edib ki, dünən Qarabağda erməniləri dəstəkləyən İranın bu gün Azərbaycanda islamı təbliğ etməsi paradoksal haldır:
“İrəvanda Azərbaycana məxsus Göy məscidin təmir edilərək fars məscidi kimi təqdim olunması, eyni zamanda İranın Azərbaycanda imandan danışması ziddiyyətli görünür. İranda 30 milyon azərbaycanlının yaşadığı halda, bir erməninin imam təyin edilməsi də paradoksal və yolverilməz haldır.
Həm İranda yaşayan 30 milyon azərbaycanlı, həm də vətəndaşımız olan 10 milyon azərbaycanlı İranın dini anlayışının mahiyyətini və hansı məqsədlərə xidmət etdiyini görməlidir. Azərbaycanda savadlı cəmiyyət var və insanlar bu məsələlərin fərqindədirlər. Hesab edirəm ki, İranın bu təsiri altına düşən insanlar da qısa müddətdə maariflənərək həqiqi islama qayıdacaqlar”.
Politoloq Yusif Bağırzadə isə bildirib ki, təhsil müəssisələrində vahid geyim qaydaları ətrafında yaranmış vəziyyət bir sıra məsələlərlə yanaşı, həm də ictimai sabitlik, informasiya təhlükəsizliyi və dövlətin daxili işlərinə kənar müdaxilələrin qarşısının alınması baxımından diqqət tələb edir:
“Məktəblərdə geyim tələblərinin tətbiqinin əleyhinə təbliğat, şagirdlərin dərslərə qatılmamağa çağırılması və ayrı-ayrı hadisələrin siyasi müstəviyə keçirilməsi vəziyyətin emosional müzakirələrdən daha geniş müstəviyə daşındığını göstərir. Bizim dövlət olaraq mövqeyimiz ortadadır. Ölkənin daxili məsələləri Azərbaycan qanunvericiliyi və cəmiyyətin öz daxilində aparılan dialoq əsasında həll edilməlidir. Heç bir xarici dövlətin, siyasi mərkəzin və ya ideoloji şəbəkənin ölkədə qarşıdurmanı təşviq etməsi qəbuledilməzdir. İstənilən xarici aktorun etirazları məqsədli şəkildə istiqamətləndirməsi, insanları qanunsuz aksiyalara səfərbər etməsi yaxud ictimai asayişi pozmağa təşviq etməsi suverenliyə müdaxilədir və bu, milli təhlükəsizlik baxımından ciddi qiymətləndirilməlidir”.
Yusif Bağırzadə
Politoloq əlavə edib ki, belə vəziyyətdə maksimum diqqətli olmaq lazımdır:
“Bu, faktiki olaraq milli təhlükəsizlik məsələsidir və təkcə təhlükəsizlik qurumlarımızın işi deyil. Ölkənin sabitliyi hamımızın məsuliyyətidir. İran kəşfiyyatına bağlı səhifələrin təxribatçı fəaliyyətinə qarşı ayıq-sayıq olmaq, şübhəli çağırışları yaymamaq və cəmiyyətdə sakitliyi qorumaq lazımdır. Hər kəs bilməlidir ki, Azərbaycanın daxili məsələləri ilə bağlı qərarların ölkənin öz hüquqi sistemi və milli maraqları əsasında qəbul edilməsi suverenliyin əsas şərtidir”.
Ləman İmran
Globalinfo.az