baki 900x522 1

“Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında imzalanmış “Ev Sahibi Ölkə Sazişi” ölkəmizin qlobal miqyasda artan siyasi nüfuzunun və dövlətimizin beynəlxalq hüquqi inteqrasiyasının mühüm təşəbbüskarı statusuna yüksəlməsinin konseptual təzahürüdür”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

“Şübhəsiz ki, bu sənəd Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dövründə sadəcə sədrlik etməklə kifayətlənmədiyini, həm də təsisatın təşkilatlanmasına, institusional inkişafına və gələcək fəaliyyət istiqamətlərinə strateji yeniliklər gətirdiyini nümayiş etdirir.

​Bu, əslində, müəyyən cılız təxribatlar və hücum cəhdləri fonunda ölkəmizə qlobal birliyin real baxışıdır. Bu o deməkdir ki, BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına üzv 120 ölkə məhz bu sazişlə öz gənclər siyasətinin mühüm aspektini Bakıya etibar edir. Təbii ki, bu reallığın təməlində ölkəmizdə hökm sürən milli və dini tolerantlıq, sabit mühit və Azərbaycanın sülh və sabitlik adası kimi özünü təsdiq etməsi dayanır.

​Siyasi-hüquqi müstəvidə yanaşsaq, sənəd Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyinin Bakı şəhərində yerləşməsini və onun beynəlxalq hüquqi şəxs statusuna malik olmasını təmin edir. Katibliyə verilən toxunulmazlıqlar, imtiyazlar, maliyyə və gömrük azadolmaları beynəlxalq hüquq normalarına, xüsusilə də oxşar beynəlxalq təşkilatların ev sahibliyi rejimlərinə tam uyğundur və təşkilatın müstəqil, səmərəli fəaliyyət göstərməsi üçün möhkəm hüquqi baza yaradır. Bu, əslində, Azərbaycanın təşəbbüsünə qlobal miqyasda verilən reaksiyadır”, – deyə o bildirib.

Deputat qeyd edib ki, bu layihə ölkəmizin Qoşulmama Hərəkatına yeni nəfəs gətirməsi xəttinin məntiqi davamıdır:

“2021-ci ildə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təsis olunması, 2022-ci ildə Şuşada bu şəbəkənin Gənclər Təşkilatına transformasiya edilməsi və nəhayət, Bakıda Katibliyin təsis edilməsi Azərbaycanın qlobal gənclər siyasətinə və çoxtərəfli diplomatiyaya verdiyi töhfənin bariz nümunəsidir. Ölkəmiz bu addımlarla hərəkatın intellektual potensialını gücləndirir və gələcək liderlərin qlobal platformada birləşməsinə ev sahibliyi edir.

​Məlumdur ki, ölkəmizin Qoşulmama Hərəkatı ilə münasibətlərində, xüsusən institusionallaşma istiqamətində cənab İlham Əliyevin təşəbbüslərinin icrasında və fəaliyyətin uzlaşdırılmasında Milli Məclis xüsusi rol oynayıb. Bu mənada cari saziş həm də, Sahibə xanım, Sizin rəhbərliyinizlə Milli Məclisin böyük uğuru, daha dəqiq desək, parlamentin cənab İlham Əliyevin milli maraqların təmininə yönəlmiş siyasi iradəsini və strateji xarici siyasət kursunu bu mərhələdə də uğurla realizə etməsinin göstəricisidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: