baki 9 900x506 1

“Son beş ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 8,5 dəfə artaraq 77,2 milyon dollara çatıb. Bu göstəricilər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov deyib.

“Prezidentin Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının səkkizinci Məşvərət Görüşündə çıxışı zamanı vurğuladığı məqamlardan biri də strateji münasibətlər fonunda iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi olub.

2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 1 milyard 765 milyon dollar təşkil edib. Bu, 2024-cü ildəki 1 milyard 102 milyon dollarla müqayisədə təxminən 53 faiz artım deməkdir.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də beynəlxalq yükdaşımalar sahəsidir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında bu sahədə əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Təqdim olunan rəqəmlərə əsasən, 2025-ci ildə Azərbaycan və Mərkəzi Asiya üzərindən həyata keçirilən yükdaşımaların həcmi 10 faiz artıb. 2026-cı ilin ilk səkkiz ayında isə 20 faizlik artım qeydə alınıb.

Bütün bunlar göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq təkcə ticarətlə məhdudlaşmır, iqtisadiyyatın müxtəlif sahələrini də əhatə edir. Bu kontekstdə Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq platformalarda iştirakı da bu əməkdaşlığın genişlənməsinə şərait yaradır:

“İki gün sonra Bakıda keçiriləcək yeddinci zirvə toplantısı da bu baxımdan diqqət çəkir. Azərbaycan 2024-cü ildən etibarən bu platformada iştirak edir. Qırğızıstanın da üzv olduğu platformada ümumilikdə 28 dövlət təmsil olunur, daha 10 ölkə isə müşahidəçi statusuna malikdir. Platforma iştirakçılarının dünya iqtisadiyyatındakı payı da əhəmiyyətlidir. Təqdim olunan məlumata görə, bu ölkələrin ümumi daxili məhsulu qlobal iqtisadiyyatın təxminən 40 faizini təşkil edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: