ehali

Azərbaycanda orta ömür uzunluğu artsa da, qeyri-yoluxucu xəstəliklərin payında da artım müşahidə olunur. Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev bildirib ki, 2025-ci ilin sonuna ölkədə orta ömür uzunluğu 77 ili ötüb. Bununla yanaşı, son illər insanların daha gənc yaşda vəfat etməsi diqqət çəkir.

Bəs orta ömür uzunluğu hansı göstəricilər əsasında hesablanır? Bu rəqəm əhalinin real sağlamlıq vəziyyətini nə dərəcədə əks etdirir və insanların daha gənc yaşda vəfat etməsinin səbəbləri nədir?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, orta ömür uzunluğu müəyyən dövrdə doğulan insanların orta hesabla neçə il yaşadığını göstərir:

“Azərbaycanda orta ömür uzunluğu göstəricisinin daha yüksək olması gözlənilirdi. Orta ömür uzunluğunun azalmasına gənc yaşlarda baş verən ölümlər və müxtəlif hadisələr təsir edir. Məsələn, COVID pandemiyası keçirildi və bu, ölüm göstəricilərinə təsir etdi. Bundan başqa, Azərbaycanda müharibə oldu.

adil qeybulla esas

Adil Qeybulla

Bu da orta ömür göstəricilərinə təsir göstərir. Sabit bir dövrdə, yəni ölkə müharibə, pandemiya və digər böyük sarsıntılarla üzləşmədikdə, orta ömür göstəricisi daha sabit və obyektiv ola bilər”.

Professor deyib ki, SSRİ dövründə Azərbaycanda uzunömürlü insanlar vardı, onlar hətta qeydiyyata alınırdı:

“Bu, sabit bir dövr idi. Düşünürəm ki, Azərbaycanda ömrün və həyat tərzinin sağlamlaşdırılması üçün bir neçə vacib amilə diqqət yetirilməlidir. Birincisi, sağlam qidalanmadır. İnsanlar düzgün qidalanmırlar, həm keyfiyyətsiz qidalardan istifadə edir, həm də həddindən artıq yemək yeyirlər. İkincisi, fiziki aktivlik çox aşağıdır. İnsanlar hər yerə maşınla getməyə çalışır, piyada gəzmək, pilləkənlə qalxmaq və enerji sərf etmək istəmirlər. Bu iki amil ömrü qısaldan ciddi səbəblərdəndir və onların fonunda müxtəlif xəstəliklər yaranır”.

A.Qeybulla əlavə edib ki, əhali arasında zərərli vərdişlər, o cümlədən siqaret çəkmək və həddindən artıq alkoqol qəbulu da artmaqdadır:

“Hətta qadınlar arasında da siqaret çəkənlərin sayı durmadan artır. Biz artıq bunu müşahidə edirik. Digər tərəfdən, cəmiyyətdəki stress, insanların özünü reallaşdıra bilməməsi və sosial müdafiənin zəif olması da xəstəliklərin yaranmasına səbəb olan amillərdəndir. Bütün bunları nəzərə alsaq, düşünürəm ki, açıqlanan rəqəmlər hələ yaxşı göstəricilərdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: