Üç gündür Azərbaycan əsgərinin Ermənistan ərazisinə keçməsi ilə bağlı xəbər müzakirə edilir. Bəli, təəssüf ki, Azərbaycan hərbçisi hansısa yolla Ermənistan ərazisinə keçib. Amma bunun necə və hansı səbəbdən baş verdiyi tam bilinmir.
Niyə keçib? Yolunu azıb? Hava şəraiti səbəbindən istiqaməti səhv salıb, yoxsa bilərəkdən keçib? Bəlkə də hadisənin tamam başqa səbəbi var. Bu sualların heç birinə hələlik dəqiq cavab vermək olmur.
Amma maraqlıdır ki, səbəbi bilmədən artıq hökm verənlər var.
Erməni mediasında da hərbçimizlə bağlı müxtəlif iddialar yayılır. Onun törətmədiyi cinayətlərin belə üzərinə yazılmasına, hadisənin fərqli formada təqdim edilməsinə cəhdlər edilir. Halbuki bir insanın haqqında danışarkən ilk növbədə fakt lazımdır. Düzdür, ermənilər uydurmaq üzrə çempiondurlar, lakin ortaya sübut qoya bilmirlər.
Xatırlayırsınızsa, bir müddət əvvəl də oxşar hal yaşanmışdı. Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçərək guya erməni öldürdüyü barədə məlumatlar yayılmışdı. Sonradan bu iddiaların həqiqəti əks etdirmədiyi ortaya çıxmışdı və əsgərlərimiz ölkəyə qaytarılmışdı.
Bu dəfə də eyni yanaşmanı görürük. Amma məni daha çox başqa məsələ düşündürür. Biz özümüz necə davranırıq?
Sosial şəbəkələrdə insanlar iki yerə bölünüb. Kimisi əsgəri sərt şəkildə tənqid edir, kimisi isə ona yazığı gəlir və hadisənin səhvən baş verdiyini düşünür. Mən də inanmaq istəyərəm ki, əsgərimiz sərhədi bilmədən, hansısa yanlışlıq nəticəsində keçib. Amma bunu biz bu gün bilmirik.
Bilmədiyimiz bir məsələ haqqında niyə dərhal hökm verməliyik?
Daha qəribəsi isə odur ki, bəzi insanlar hadisənin arxasında müxtəlif siyasi ssenarilər axtarmağa başlayıb. Guya əsgərimizi hərbi hissədən və ya postdan aparıblar, guya başqa hadisələr baş verib və sair. Bunların hamısı hazırda sadəcə ehtimal və mülahizədir, fakt deyil.
Əsgərin Ermənistan ərazisində olması avtomatik olaraq onun oraya ermənilər tərəfindən aparılması demək deyil. Necə keçdiyini, hansı şəraitdə keçdiyini bilmədən belə nəticəyə gəlmək düzgün yanaşma sayıla bilməz.
Bəzən başa düşə bilmirəm, biz nə vaxtdan belə qərəzli olduq?
Nə vaxtdan bir insanın haqqında əlimizdə sübut olmadan danışmağa, onu etmədiyi əməllərdə günahlandırmağa başladıq?
Danışanda haqdan danışırıq, ədalət tələb edirik, amma əksər vaxtlarda haqsız danışmaqdan çəkinmirik.
Bir insanın taleyi, xüsusilə də 19 yaşlı hərbçinin taleyi üzərindən hökm vermək bu qədər asan olmamalıdır. Bilmədiyimiz çox şey ola bilər. Ona görə də bu məsələdə ən doğru yol gözləməkdir.
Əsgərimiz vətənə qayıtsın, baş verənləri özü danışsın, həqiqət ortaya çıxsın.
O vaxta qədər isə heç olmasa bilmədiyimiz məsələlərə görə bir-birimizi ittiham etməyək. Hətta erməni sakin də deyib ki, o, heç kimə zərər yetirməyib. Bəzən həqiqəti tapmaq üçün sadəcə bir az gözləmək kifayətdir…
Zaira Akifqızı
Globalinfo.az