Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, ölkəsi Ermənistanın baş naziri Nikol Paşinyanın, “İrəvanla Moskva arasındakı münasibətlər artıq əvvəlki kimi olmayacaq” fikrini anlamayıb və buna aydınlıq gətirilməsini gözləyir.
Globalinfo.az xəbər verir ki, Zaxarova bu barədə “Lenta.ru”nun sualını cavablandırarkən deyib.
“Anlamaq lazımdır ki, Nikol Vovayeviç Paşinyan Ermənistanla Moskva arasındakı münasibətlərin əvvəlki kimi olmayacağını deyərkən nəyi nəzərdə tutub. Bəlkə də o, münasibətlərin yalnız daha yaxşı olacağını demək istəyib. Gəlin, bu məsələyə aydınlıq gətirməsini gözləyək, sonra şərh verərik”, – deyə Zaxarova vurğulayıb.
Sentyabrın 21-də Nikol Paşinyan Ermənistanla Rusiya arasındakı münasibətlərin “əvvəlki kimi olmayacağını” deyib. O vurğulayıb ki, artıq Moskva ilə əlaqələrə sülh şəraitini nəzərə alaraq yenidən baxmaq lazımdır.
Əliyar Xəlil