Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir.
Müdafiə Nazirliyindən məlumata görə, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunacaq.
Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçirilən təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə keçiriləcək təlim üç ölkə arasında hərbi əməkdaşlığın daha praktik və sistemli mərhələyə keçdiyini göstərir:
“Təlimin Qarabağ iqtisadi rayonunda, Naxçıvanda və Xəzər dənizinin Azərbaycan sektorunda keçirilməsi xüsusilə diqqət çəkir. Quru, hava, dəniz qüvvələri və pilotsuz uçuş aparatlarının eyni təlim çərçivəsində cəlb edilməsi müxtəlif qoşun növləri arasında koordinasiyanın, birgə əməliyyat imkanlarının və prosedurların uyğunlaşdırılmasına xidmət edir. Bu baxımdan təlim yalnız hərbi hazırlıq tədbiri deyil, Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin Özbəkistanın iştirakı ilə daha geniş türk dövlətləri müstəvisində inkişafının göstəricisi kimi də qiymətləndirilə bilər.

Züriyə Qarayeva
Digər mühüm məqam Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında təhlükəsizlik əməkdaşlığının güclənməsidir. Türkiyə NATO üzvü kimi fərqli hərbi standart və təcrübəyə, Azərbaycan isə son illərdə real döyüş təcrübəsinə malikdir. Özbəkistanın bu formatda iştirakı qarşılıqlı təcrübə mübadiləsini genişləndirir. Bununla belə, birgə təlimi avtomatik olaraq yeni hərbi blokun yaradılması kimi təqdim etmək düzgün olmazdı. Daha dəqiq yanaşma onu üç ölkənin silahlı qüvvələri arasında interoperabelliyin, koordinasiyanın və birgə fəaliyyət qabiliyyətinin artırılması istiqamətində konkret addım kimi dəyərləndirməkdir”.
Turan Rzayev
Globalinfo.az