Bakıda sentyabrın ortalarından etibarən avtobuslarda kondisionerlə bağlı yeni vəziyyət yaranıb. Sərnişinlərin sözlərinə görə, xüsusilə axşam saatlarında bəzi avtobuslarda kondisioner işlədilmir və sürücülər bununla bağlı “icazə yoxdur” deyirlər.
Məsələ ilə bağlı Globalinfo.az “Xaliq Faiqoğlu” MMC və “BakuBus”a sorğu ünvanlayıb.
“Xaliq Faiqoğlu” MMC-dən bildirilib ki, avtobuslarda kondisionerlər hava şəraitinə və sərnişinlərin tələbinə uyğun olaraq qoşulur:
“Bəzi hallarda nəqliyyat vasitəsində olan sərnişinlərin bir hissəsi kondisionerin qoşulması, bir hissəsi isə qoşulmamasını tələb edir. Bəzən pəncərələrin açıq olduğu vaxt kondisionerin qoşulmasını tələb edirlər. Ümumiyyətlə, fəsil dəyişərkən bu kimi hallar tez-tez baş verir”.
“BakuBus”dan isə bildirilib ki, istismarda olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib və xəttə buraxılmadan əvvəl texniki baxışdan keçirilir:
“Gün ərzində fasiləsiz və intensiv rejimdə istismar olunan nəqliyyat vasitələrində ayrı-ayrı hallarda texniki nasazlıqların yaranması istisna edilmir. Kondisioner sistemi də daxil olmaqla hər hansı texniki nasazlıq aşkar edildiyi halda sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verir. Müraciət operativ qaydada qiymətləndirilir, marşrut üzrə sərnişindaşımanın fasiləsizliyinin təmin edilməsi məqsədilə isə mövcud vəziyyət və ehtiyat avtobusun mövcudluğu nəzərə alınmaqla nəqliyyat vasitəsinin əvəzlənməsi həyata keçirilir”.
Eyni zamanda, qeyd olunub ki, 15 sentyabr tarixindən sonra, eləcə də günün müəyyən saatlarında kondisioner sistemlərinin söndürülməsi ilə bağlı sürücülərə hər hansı göstəriş verilməyib:
“Kondisioner sistemlərinin konkret tarixdən etibarən istifadəsinin dayandırılmasını nəzərdə tutan xüsusi reqlament mövcud deyil. Hava şəraiti nəzərə alınmaqla kondisioner sistemlərinin işlək vəziyyətdə olması təmin ediləcək. Sürücü tərəfindən kondisionerin istifadəsinə “icazə verilmədiyi” ilə bağlı məlumatın verildiyi konkret hal mövcuddursa, məsələnin dəqiqləşdirilməsi üçün marşrut xəttinin nömrəsi, avtobusun dövlət qeydiyyat nişanı, hadisənin baş verdiyi tarix və saat barədə məlumatın təqdim olunmasını xahiş edirik. Qeyd olunan məlumatlar təqdim edildiyi təqdirdə məsələ ətraflı araşdırılacaq”.
Zaira Akifqızı
Globalinfo.az