Azərbaycan uzun illər ərzində Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çalışıb və son ana qədər danışıqlar prosesinə sadiq qalıb. Lakin Ermənistan işğala əsaslanan status-kvonun dəyişdirilməsində maraqlı olmayıb və danışıqlar prosesindən münaqişənin həlli üçün deyil, vaxt qazanmaq vasitəsi kimi istifadə edib.
Nəticədə illərlə davam edən diplomatik proses konkret nəticə vermədi və münaqişənin həlli hərbi-siyasi müstəvidə baş verdi.
Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, 1990-cı illərdən 2020-ci ilə qədər Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların əsas paradoksu diplomatik prosesin davam etməsinə rəğmən, tərəflərin prosesə yanaşmasının eyni olmamasına görə idi:
“Azərbaycan beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini dəfələrlə bildirir və işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin geri qayıtması və Azərbaycanın ərazi bütövlüyünün bərpasını danışıqların əsas məsələləri kimi gündəmdə saxlayırdı. ATƏT-in onillərlə heç bir işə yaramayan Minsk Qrupunun sənədlərində də sonrakı mərhələlərdə ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılması, məcburi köçkünlərin geri dönüşü və Dağlıq Qarabağın yekun statusunun danışıqlar yolu ilə müəyyənləşdirilməsi kimi elementlər yer alsa da, təəssüflər olsun ki, Ermənistan bu istiqamətdə islah olmur, forpostluğunu etdiyi Rusiyaya arxalanırdı.
Problemin əsas tərəfi isə ondan ibarət idi ki, Ermənistan və Qarabağdakı separatçı qüvvələr mövcud vəziyyətin dəyişdirilməsini qəbul etmir və etməyəcəklərini vurğulayırdılar. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir və Ermənistan qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu. Buna baxmayaraq, həmin tələblərin praktik icrası təmin edilmədi. Bütün bunlar aidiyyəti təşkilatların rəsmi sənədlərində də qeydiyyatdadır.
Ona görə də Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin əsas arqumenti kimi qeyd edə bilərəm ki, diplomatiya işğalın nəticələrini aradan qaldırmaq üçün mexanizmə çevrilmək əvəzinə, uzun illər qondarma status-kvonun qorunmasına xidmət edən proses təsiri yaradırdı. Danışıqların davam etdirilməsi özlüyündə müsbət olsa da, nəticəsiz danışıqların illərlə uzanması işğalın faktiki olaraq, dondurulmasına gətirib çıxarırdı. 2008-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qətnamədə də Azərbaycanın ərazi bütövlüyü təsdiqlənmiş, işğal olunmuş ərazilərdən Ermənistan qüvvələrinin çıxarılması tələb edilmiş və məcburi köçkünlərin geri qayıtmaq hüququ vurğulanmışdı. Bütün media orqanlarında bu sənədləri, xəbərləri xoronoloji olaraq hər kəs izləyə, tanış ola bilər”.

Tamilla Qulami
Politoloq bildirib ki, sülh danışıqlarına sadiqlik yalnız danışıqlar masasına oturmaqla ölçülmür, burada əsas məsələ əldə olunacaq razılaşmanın icrasına siyasi hazırlığın olub-olmaması idi:
“Əgər tərəflərdən biri haqsəz status-kvonu dəyişməz saxlamağı əsas məqsəd kimi götürürdüsə, danışıqlar prosesi, əlbəttə ki, neqativə köklənəcəkdi. 2020-ci ilə qədər Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda da tərəflər formal kompromisə çağırılır, lakin yekun siyasi razılaşma əldə olunmurdu, görünən də bu idi ki, danışıqların müsbət nəticələnməsi üçün cəhd edən qurum da yox idi. Faktiki olaraq, Avropa da ikili standartlarla hərəkət edirdi.
Çox təəssüflər olsun, həmin dövrün əsas dərslərindən biri olaraq, gördük ki, beynəlxalq vasitəçilik mexanizmi təkcə tərəflərin real kompromis iradəsi olduqda nəticə vermir, vasitəçilər də intriqaya şərait yaratmamalı idi. Münaqişənin sonrakı inkişafı da göstərdi ki, dondurulmuş münaqişəni sadəcə danışıqlar yolu ilə idarə etmək onun fundamental səbəb və problemlərini aradan qaldırmır.
Xüsusilə qeyd etməliyəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin tarixində ən mühüm məqamlardan biri Azərbaycanın uzun illər ərzində problemin sülh və danışıqlar yolu ilə həllinə üstünlük verməsi idi. Axı Azərbaycanın tələbi başqa dövlətin ərazisini ələ keçirmək deyildi, bizim tələbimiz beynəlxalq səviyyədə belə öz ərazimiz kimi tanınan torpaqlarımız üzərində suverenliyimiz və ərazi bütövlüyümüzü bərpa etmək idi. Buna qarşılıq olaraq isə Ermənistan mənfurca Qarabağın Azərbaycandan ayrılması və sonrakı mərhələdə ətraf rayonların da nəzarətə götürülməsi istiqamətində hərbi-siyasi siyasət həyata keçirdi.
Azərbaycanın danışıqlara sadiqliyi əlbəttə ki, onun sülhpərvər olması və müharibə istəməməsindən, problemin diplomatik yolla həllinə üstünlük verməsindən irəli gəlirdi”.
Politoloqun sözlərinə görə, Ermənistanın Rusiyanın himayədarlığı ilə uzun müddət mövcud vəziyyəti dəyişməz saxlamağa çalışması danışıqların nəticəsiz uzanmasına səbəb olan əsas amillərdən biri idi:
“Bu səbəbdən də, o dövrü qiymətləndirərkən Azərbaycanın Ermənistan tərəfdən işğal edilən və beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqlarının geri qaytarılması üçün mübarizə apardığını kimsə unutmamalıdır. Şükürlər olsun ki, Azərbaycan nə beynəlxalq təşkilatların, nə də digərlərinin dəstəyi ilə deyil, öz torpaqlarını öz Müzəffər Ordusunun sayəsində işğaldan azad etdi. Unutmasınlar ki, bu müharibəni də biz başlatmadıq. Biz əks hücumla haqqımız olanı aldıq. Nəticədə isə ölkə başçısı cənab Prezident İlham Əliyevin dediyi kimi “status” gorbagor oldu! Bu gün artıq kimsə Qarabağ məsələsini bizə qarşı çevirə bilmir, bilməyəcək də!”.
Turan Rzayev
Globalinfo.az