ehali gencler 900x600 1

Azərbaycanda doğum sayının azalması yaxın illərdə təhsil sistemində də özünü göstərəcək. Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, 2029-2030-cu illərdə birinci sinfə gedən uşaqların sayında azalma müşahidə olunacaq. Bu, yalnız məktəblərdə şagird sayının azalması ilə məhdudlaşmayan, ölkənin gələcək demoqrafik mənzərəsi baxımından da diqqət tələb edən məsələdir.

Doğum səviyyəsinin aşağı düşməsinin qarşısının alınması və ailələrin uşaq sahibi olmağa təşviq edilməsi üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, doğum səviyyəsinin azalması demoqrafik problemlər yarada bilər:

“Bu, gələcəkdə ölkə əhalisinin sayının azalmasına və əhali artımının zəifləməsinə səbəb ola bilər. Əlbəttə, müxtəlif proqramlar və stimullaşdırıcı tədbirlər vasitəsilə demoqrafik vəziyyəti yaxşılaşdırmaq mümkündür. Hesab edirəm ki, gənc ailələrə və ya ikinci uşağı olan ailələrə müəyyən əlavə güzəşt və proqramların tətbiqi mümkündür. Məsələn, güzəştli mənzil imkanlarının yaradılması, mənzil şəraitinin yaxşılaşdırılması, əlavə müavinətlərin verilməsi, vergidən azadolmalar və ya sosial ödənişlərdə müəyyən güzəştlərin tətbiqi mümkündür”.

İqtisadçının fikrincə, ailələrin iqtisadi vəziyyətindən asılı olaraq müəyyən müavinətlərin verilməsi də təşviq oluna bilər:

eyyub kerimli 900x614 1

Eyyub Kərimli

“Bu da öz növbəsində demoqrafik vəziyyətin yaxşılaşdırılmasına və doğumun stimullaşdırılmasına dəstəkdir. Burada həmçinin hamilə qadınlar üçün müəyyən əlavə güzəştlərin tətbiq olunması, iş yerlərində isə iş şəraitinin yaxşılaşdırılması istiqamətində islahatların aparılması müsbət töhfə verə və faydalı ola bilər”.

Sosioloq Mail Yaqub isə təəssüf hissi ilə ortada acı gerçəkliyin olduğunu vurğulayıb:

“Son illərdə Azərbaycanda doğum dinamikasında azalma müşahidə olunur. Əgər bu tendensiyanın qarşısı alınmasa, ölkəni gələcəkdə ciddi demoqrafik problemlər gözləyə bilər və əhali sayında azalma baş verər. Bu problemin həlli üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, gənclərin ailə qurması asanlaşdırılmalıdır”.

Sosioloq bildirib ki, bu gün gənclərin ailə qurmaqdan çəkinməsinin əsas səbəblərindən biri sosial-iqtisadi amillərlə bağlıdır:

“Mənzil problemi, maddi çətinliklər və məşğulluq məsələləri burada mühüm rol oynayır. Nikahların sayı azaldıqca doğum göstəricilərinin də aşağı düşməsi qaçılmazdır. İkinci mühüm məsələ boşanmaların artmasıdır.

mail yaqub

Mail Yaqub

Azərbaycanda boşanma hallarının sürətlə çoxalması ailə institutuna və doğum dinamikasına təsir göstərir. Bu səbəbdən ailələrin qorunmasına yönəlmiş tədbirlərin gücləndirilməsi vacibdir. Digər tərəfdən, maddi imkanları yaxşı olan ailələrdə də çoxuşaqlı ailə modelinə maraq yüksək deyil. Bu istiqamətdə stimullaşdırıcı mexanizmlər tətbiq olunmalıdır”.

M.Yaqub deyib ki, üçüncü uşağın dünyaya gəlməsindən sonra ailələrə əlavə maliyyə dəstəyi göstərilməsi, uşaqlara müavinətlərin verilməsi və çoxuşaqlı ailə statusunun müəyyənləşdirilməsi məsələlərinə yenidən baxılmalıdır:

“Bəzi ölkələrdə bu cür təşviq proqramları tətbiq edilir. Hazırda Azərbaycanda çoxuşaqlı ailə modeli beş uşaq hesab olunur. Bu meyarın üç uşağa endirilməsi və xüsusilə üçüncü uşaqdan sonra ailələrə dövlət tərəfindən daha geniş sosial dəstəyin göstərilməsi təklif olunur. Bu addımlar həyata keçirilsə, demoqrafik problemlərin qarşısının alınması mümkün ola bilər. Əks halda, bəzi beynəlxalq təşkilatların proqnozlarına görə, uzunmüddətli perspektivdə Azərbaycanın əhali sayında 2100-cü ilə kimi ən azı 2 milyon azalma baş verə bilər. Bu prosesin qarşısını almaq mümkündür və bunun üçün vaxtında, məqsədyönlü addımların atılması vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: