baki operatorlar 1112

Azərbaycanda mobil operatorların adından istifadə edən saxta saytlarla bağlı ciddi təhlükə aşkarlanıb. Fırıldaqçılar “Azercell”, “Bakcell” və “Nar”ın adından istifadə edərək vətəndaşlara ucuz internet və danışıq paketləri təklif edirlər. Məqsəd isə istifadəçilərin bank kartı məlumatlarını ələ keçirməkdir. Milli Kibertəhlükəsizlik Agentliyi aşkarlanan 6 saytın eyni fişinq şəbəkəsinin hissələri olduğunu açıqlayıb.

Vətəndaş saxta saytla rəsmi sayt arasındakı fərqi hansı detallara diqqət etməklə anlaya bilər?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, saxta saytların ən təhlükəli tərəfi odur ki, artıq primitiv görünmür:

“Loqo, rənglər, kampaniya şəkilləri, hətta səhifənin ümumi dizaynı rəsmi operator saytına çox bənzəyə bilər. Ona görə vətəndaş yalnız görünüşə yox, ilk növbədə saytın ünvanına diqqət etməlidir. Ən vacib detal domen adıdır. Fırıldaqçılar çox vaxt rəsmi ada bənzər, amma içində əlavə bir hərf, rəqəm, tire və ya fərqli domen sonluğu olan ünvanlardan istifadə edirlər. Bəzən istifadəçini aldatmağa domenin adına əlavə edilmiş bir hərf kifayət edir. İstifadəçi səhifənin dizaynını tanıyır və düşünür ki, bu rəsmi saytdır, amma ünvan sətrində cüzi fərq olur. Əslində ən böyük siqnal da çox vaxt elə budur. İkinci məsələ isə təklifin özüdür”.

E.Həsənov deyib ki, əgər kampaniya həddindən artıq sərfəli görünürsə, yalnız bu gün, indi ödə, 10 qat internet qazan kimi tələsdirici ifadələr varsa, buna şübhə ilə yanaşmaq lazımdır:

“Fişinq səhifələrinin əsas məqsədi insanı düşünməyə vaxt qoymadan kart məlumatlarını daxil etdirməkdir. Kart məlumatı daxil etməzdən əvvəl vətəndaş özünə bir sadə sual verməlidir. Mən bu səhifəyə hardan gəlmişəm? Əgər link whatsapp, SMS, sosial şəbəkə reklamı və ya tanımadığınız səhifədən gəlibsə, həmin keçidlə ödəniş etməmək daha doğrudur. Kampaniya həqiqətən mövcuddursa, operatorun rəsmi tətbiqində və ya rəsmi saytında da görünməlidir”.

elvin hesenov 1

Elvin Həsənov

Mütəxəssis qeyd edib ki, saytda “https” və qıfıl işarəsinin olması onun mütləq təhlükəsiz olması demək deyil:

“Bu gün fırıldaqçılar da şifrələnmiş bağlantı qura bilirlər. Yəni qıfıl işarəsi sadəcə əlaqənin şifrəli olduğunu göstərir, qarşı tərəfin həqiqətən “Azercell”, “Bakcell” və ya “Nar” olduğunu bildirmir. Ona görə də vətəndaş kart nömrəsi, CVV və xüsusilə SMS-lə gələn OTP kodunu daxil etməzdən əvvəl səhifəni bir daha yoxlamalıdır. Şübhə varsa, brauzeri bağlayıb operatorun rəsmi mobil tətbiqini açmaq və ya saytın ünvanını özü yazmaq ən təhlükəsiz yoldur. Əgər məlumat artıq daxil edilibsə, “bəlkə heç nə olmaz” deyib gözləmək düzgün deyil. Kart dərhal bloklanmalı, bankla əlaqə saxlanmalı və hesab üzrə əməliyyatlar yoxlanmalıdır. OTP də təqdim edilibsə, bu halda daha sürətli hərəkət etmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: