w 161789233510799937025 1200x630

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. Lakin bu səfərə Ermənistanın revanşist dairələrinin kəskin reaksiyası müəyyən ciddi suallar yaradır. Ona görə ki, diplomatların səfərinə etiraz edilməsi Ermənistanın dəfələrlə ifadə etdiyi ərazi bütövlüyünün tanınmasına ziddir”.

Bu sözləri Globalinfo.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib.

Siyasi şərhçi bildirib ki, diplomatik nümayəndələrin Qarabağa səfəri hər hansı siyasi təxribat deyil:

“Əksinə, onların Azərbaycanın real vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və regionun gələcək inkişaf perspektivləri ilə yerində tanış olmaları baxımından mühüm hadisədir. Ermənistan cəmiyyətində bu səfərə qarşı kampaniya aparılması isə Qarabağ məsələsinə hələ də avantürüst mövqedən yanaşan qüvvələrin mövcudluğunu göstərir.

Xüsusilə tarixi və mədəni irslə bağlı ermənilərin iddiaları da diqqət çəkir. Gəncəsər və Xudavəng kimi abidələrin ermənilərə aid olması, eyni zamanda indiki Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni izlərinin mövcudluğunun inkar edilməsi qərəzli və təxribat xarakterli yanaşmadır. Qarabağdakı Alban irsinin də yalnız etnik-siyasi mübahisə predmetinə çevrilməsi tarixə münasibətdə obyektiv yanaşmanın zəruriliyini diqtə edir. Tarixi irs siyasi məqsədlər üçün istifadə edilməməlidir.

Digər tərəfdən, Ermənistan daxilində revanşist ritorikanın yenidən güclənməsi sülh prosesinin dayanıqlılığını təhdid edir. Ermənistan parlamentində 2022-ci ilin sentyabr döyüşlərində həlak olan hərbçilərin anılması və siyasi çağırışların səsləndirilməsi cəmiyyətdə müharibə yaddaşının necə təqdim edildiyi məsələsini gündəmə gətirir. Sülh yalnız hökumətlərarası sənədlərlə deyil, həm də cəmiyyətlərin düşüncə tərzində baş verən dəyişikliklərlə möhkəmlənir”.

mutellim rehimov e1746520125131 900x725 1
Mütəllim Rəhimli

M.Rəhimli qeyd edib ki, burada əsas məsələ Ermənistan hakimiyyətinin və cəmiyyətinin sülhə münasibətinin ardıcıllığıdır:

“Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edirsə, bunun praktiki və siyasi nəticələrini də qəbul etməlidir. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması məsələsinə şübhə yaratmaq cəhdləri sülhə xidmət etmir. Sülh gündəliyi sözlə əməlin üst-üstə düşməsini tələb edir.

Eyni zamanda, Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsi ilə bağlı məsələlərə də beynəlxalq hüquq prinsipləri əsasında yanaşılmalıdır. Tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin və digər mədəni irs nümunələrinin qorunması Ermənistanın üzərinə məsuliyyət qoyur.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə verilən reaksiyalar göstərir ki, Ermənistan cəmiyyətində müəyyən qüvvələr hələ də yeni regional reallıqları qəbul etməkdə çətinlik çəkirlər. Lakin regionda davamlı sülh üçün əsas şərt məhz bu reallıqların qəbul edilməsidir. Revanşist ritorika Ermənistana yaxşı heç nə vəd etmir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: