ABS 2

ABŞ, İsrail və səkkiz ərəb ölkəsinin yüksək rütbəli hərbi komandirləri ötən həftə Almaniyada İranla müharibə və regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün qapalı görüş keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios”a iki İsrail rəsmisi məlumat verib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təşkil etdiyi görüşdə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin silahlı qüvvələrinin rəhbərləri iştirak ediblər. Görüşün keçirilməsi barədə iştirakçı ölkələrin heç biri rəsmi məlumat yaymayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuper bildirib ki, İranın hücumlarına baxmayaraq, silahlı qüvvələr regionda qalacaq. O, həmçinin Hörmüz boğazından gəmiçilik fəaliyyətinin artırılması ilə bağlı planları iştirakçılara təqdim edib.

Mənbə bildirib ki, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general Eyal Zamir müxtəlif cəbhələrdə həyata keçirilən hərbi əməliyyatlar barədə görüş iştirakçılarını məlumatlandırıb. ABŞ Mərkəzi Komandanlığı görüşün keçirildiyini təsdiqləyib. Komandanlığın açıqlamasında bildirilib ki, Almaniyada planlaşdırılan konfrans çərçivəsində səkkiz ölkənin yüksək rütbəli hərbi rəhbərləri qəbul edilib və Yaxın Şərqdə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.

“Axios” görüşün husilərin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşdiyi, onların Yəməndə irəliləyiş əldə etdiyi və Qırmızı dənizdə Bab əl-Məndəb boğazına faktiki nəzarət qurduğu bir vaxtda keçirildiyinə diqqət çəkib.

Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, İsrail və Səudiyyə Ərəbistanı ABŞ Mərkəzi Komandanlığının vasitəçiliyi ilə İsrailin Səudiyyənin husilərə qarşı hərbi əməliyyatlarına necə dəstək verəcəyini və kəşfiyyat məlumatları ilə yardım göstərəcəyini müzakirə edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: