Endokrinoloq Sadiq Bəbirov son zamanlar gənclər arasında qalxanabənzər vəz xərçənginin artdığını bildirib. Həkimin sözlərinə görə, onun özü həftə ərzində 20 yaşadək ən azı 3 gənci bu xəstəliklə əlaqədar əməliyyat edir. O, belə halların səbəbləri arasında mobil telefonlardan həddindən artıq istifadəni də qeyd edib və valideynləri övladlarını telefonların mümkün şüalanmasından qorumağa çağırıb.
Sadiq Bəbirovun bu açıqlaması narahatlığa səbəb olub. Doğrudanmı mobil telefonlardan yayılan şüalanma qalxanabənzər vəz xərçənginin yaranmasına səbəb olur?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, mobil telefonların şüalanması radio şüalanmasıdır:
“Bu, ionlaşdırıcı şüalanma deyil. Bunu nəzərə almaq lazımdır. Yəni bir dəfə rentgen müayinəsindən keçmək, xərçəngə səbəb olma baxımından mobil telefonda danışmaqdan daha təhlükəlidir. Təbii ki, mobil telefonların şüalanmasının da müəyyən təsirləri var. Məsələn, bir sıra proseslərin pozulmasında, nevrozlarda və digər məsələlərdə onun rolu ola bilər. Bununla bağlı da ciddi araşdırmalar aparılır. Amma qalxanabənzər vəz xərçənginə gəldikdə, məsələn, medulyar xərçənglərin bir qismi RET geni ilə əlaqəlidir. RET geni irsi yolla ötürülə bilən genetik xüsusiyyətdir və bu genin mutasiyası zamanı həmin xərçəngə daha çox rast gəlinir. Papilyar xərçəngdə isə, məsələn, yod defisitinin daha çox rolu var. Yəni burada nəzərə alınmalı faktorlar kifayət qədər çoxdur”.
Professorun fikrincə, bu xəstəlikləri birmənalı şəkildə mobil telefonların istifadəsi ilə əlaqələndirmək düzgün olmaz:
“Bu gün nəzərə alınmalı əsas məsələlərdən biri də Yer kürəsində radiasiya səviyyəsinin artmasıdır. Bütün günü təyyarələr uçur. Göydə hər an minlərlə təyyarə olur və onların buraxdığı qazlar ozon qatına təsir göstərir.
Adil Qeybulla
Ozon qatında problemlər yaranır və radiasiyanın qarşısını almaq baxımından atmosferin kifayət qədər müqaviməti qalmaya bilər. Ona görə bu faktorlar da nəzərə alınmalıdır. Digər tərəfdən, yerin təkindən çıxarılan fosil yanacaqlarla, neftlə bağlı fəaliyyətlərin olduğu ölkələrdə müəyyən radiasiya fonu da ola bilər. Bu da nəzərə alınmalıdır. Yəni bunun üçün tədqiqatlar aparılmalı və bütün amillər ümumiləşdirilməlidir”.
A.Qeybula bildirib ki, həmin uşaqların, gənclərin yaşadığı yer, həyat tərzi və digər faktorlar araşdırılmalıdır:
“Yalnız bundan sonra müəyyən nəticəyə gəlmək mümkündür. Bir məsələni də qeyd edim ki, qalxanabənzər vəzin papilyar, medulyar və follikulyar xərçəng növləri var. Bunların hər birində proqnozlar fərqlidir. Ona görə də bununla bağlı birmənalı fikir söyləmək çətindir. Hər halda, xərçəngin müəyyən prediktorları və risk faktorları var və həmin faktorlar xəstəliyin yaranmasında kifayət qədər rol oynayır”.
Zaira Akifqızı
Globalinfo.az