cx 1

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın postmünaqişə reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa nümayiş etdirən mühüm diplomatik addımdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, xarici diplomatların Xankəndidə nəqliyyat infrastrukturu, Qarabağ Universiteti, istehsal müəssisələri, eləcə də Şuşadakı tarixi-mədəni məkanlarla tanış olması bölgənin artıq yalnız keçmiş münaqişə prizmasından deyil, bərpa, təhsil, iqtisadi fəaliyyət və məskunlaşma məkanı kimi təqdim olunduğunu göstərir:

“Diplomatların görülən işləri yerində müşahidə etməsi onların təmsil etdikləri dövlətlərə daha obyektiv məlumat çatdırmasına, Qarabağla bağlı informasiya manipulyasiyalarının təsirinin azalmasına xidmət edir. Bu mənada səfər həm Azərbaycanın suverenliyinin praktiki təzahürü, həm də Bakının beynəlxalq əməkdaşlığa açıq olduğunun nümayişidir.

zuriye qarayeva 900x600 2
Züriyə Qarayeva

Hikmət Hacıyevin çıxışının əsas siyasi mesajı isə münaqişənin başa çatması ilə davamlı sülhün qurulmasının iki fərqli mərhələ olmasıdır. Onun sülhü yalnız silahlı qarşıdurmanın olmaması kimi deyil, etimadın möhkəmləndirilməsi, insanların təhlükəsiz qayıdışı, iqtisadi əlaqələr və nəqliyyat bağlantılarının yaradılması kimi təqdim etməsi Bakının gələcəyə istiqamətlənmiş mövqeyini göstərir. Mina təhlükəsinin xüsusi vurğulanması isə bərpa və Böyük Qayıdış prosesinin qarşısındakı əsas maneənin beynəlxalq diqqətə çatdırılmasıdır. Beləliklə, Azərbaycan diplomatik korpusa yalnız görülən işləri nümayiş etdirmir, eyni zamanda dünya ictimaiyyətini minatəmizləmə, sərmayə qoyuluşu və postmünaqişə quruculuğunda daha fəal əməkdaşlığa çağırır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: