WhatsApp Image 2026 09 12 at 13.31.15 1

2026-cı ildə Azərbaycanda inflyasiya əvvəlki illərlə müqayisədə daha sabit görünsə də, ailələr gündəlik həyatlarında qiymət artımlarını hiss etməkdə davam edirlər. Rəsmi statistikada illik inflyasiya səviyyəsi nisbətən məhdud görünə bilər, lakin vətəndaş üçün əsas məsələ ümumi göstərici deyil, hər gün aldığı məhsul və xidmətlərin nə qədər bahalaşmasıdır.

Hesab edirik ki, ailə büdcəsinə təsir edən ən mühüm amil məhz tez-tez istehlak olunan mal və xidmətlərin qiymətindəki dəyişikliklərdir. Bu baxımdan ərzaq məhsulları, nəqliyyat, kommunal xidmətlər və müxtəlif ödənişli xidmətlər ailələrin əsas xərc istiqamətləri olaraq qalır.

Ərzaq xərcləri liderliyini qoruyur. Ailə büdcəsinin ən böyük hissəsi ənənəvi olaraq ərzaq məhsullarına sərf olunur. Çörək, ət, süd məhsulları, yumurta, tərəvəz və meyvə kimi gündəlik alınan məhsulların qiymətindəki kiçik dəyişikliklər belə ayın sonunda ciddi məbləğlərə çevrilir.

Məsələn, ay ərzində ərzağa 500 manat xərcləyən ailənin istehlak səbəti orta hesabla 6 faiz bahalaşarsa, əlavə xərc aylıq 30 manat, illik isə təxminən 360 manat təşkil edir. İlk baxışda böyük görünməyən bu artım uzunmüddətli dövrdə ailənin qənaət imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər.

Əslində inflyasiyanın vətəndaş tərəfindən daha çox hiss olunmasının səbəbi də budur. İnsanlar ildə bir dəfə aldıqları məhsullardan çox, hər gün aldıqları ərzaqlardakı qiymət dəyişikliklərini daha tez fərq edirlər.

Nəqliyyat xərcləri bütün bazara təsir edir. Bu sektorda qiymət artımı təkcə sərnişinlərin xərcini artırmır. Daşınma xidmətlərinin bahalaşması mağazalara, bazarlara və xidmət müəssisələrinə çatdırılan məhsulların maya dəyərinə də təsir göstərir.

Başqa sözlə, nəqliyyat xərcinin yüksəlməsi həm vətəndaşın gündəlik gediş-gəliş büdcəsini artırır, həm də dolayısı ilə ərzaq və digər malların qiymətinə təsir edir. Buna görə iqtisadçılar nəqliyyat sektorunu inflyasiyanı formalaşdıran əsas amillərdən biri hesab edirlər.

Kommunal ödənişlər gizli yük yaradır. Bir çox ailə üçün əsas problemlərdən biri də kommunal xidmətlərə çəkilən xərclərin artmasıdır. Elektrik enerjisi, qaz, su, internet və digər məcburi ödənişlər birbaşa ailə büdcəsinə təsir göstərir. Bu il onlar da bahalaşıb. Təkcə sabit tarif tətbiqi qaz və elektrik xərcini illik 24 manat artırıb.

Xüsusilə qış aylarında istilik və enerji istehlakının artması kommunal xərclərin ailə büdcəsindəki payını yüksəldir. Bu xərclərdən imtina etmək mümkün olmadığından onların bahalaşması ailələrin digər istiqamətlərdə qənaət etməsinə səbəb olur.

Xidmətlər bahalaşdıqca məcburi xərclər artır

Son illər təhsil, səhiyyə, rabitə, təmir xidmətləri və ictimai iaşə sektorunda qiymət artımları müşahidə olunur. Ailə büdcəsində bu xidmətlərin payı əvvəlki dövrlərlə müqayisədə daha da böyüyür.

Məktəb yaşlı uşaqları olan ailələr üçün təhsil xərcləri, yaşlı insanlar üçün səhiyyə xidmətləri, şəhərdə yaşayan vətəndaşlar üçün isə rabitə və internet ödənişləri artıq məcburi xərclər kateqoriyasına daxildir.

Kirayə və yaşayış xərcləri də təzyiq yaradır. Böyük şəhərlərdə, xüsusilə Bakıda kirayə mənzil bazarında qiymət artımları ailə büdcəsinə ciddi təsir göstərir. Kirayə haqqı bir çox ailənin aylıq gəlirinin əhəmiyyətli hissəsini təşkil edir. Yaşayış xərclərinin artması nəticəsində ailələrin ərzaq, istirahət və qənaət üçün ayırdığı vəsait yoxa çıxır.

Əsas göstərici inflyasiya deyil, alıcılıq qabiliyyətidir. Ailənin maliyyə vəziyyətini qiymətləndirərkən yalnız maaş artımına baxmaq düzgün deyil. Daha vacib məsələ gəlirin qiymət artımlarından sonra nə qədər məhsul və xidmət almağa imkan verməsidir.

Məsələn, gəlir 10 faiz artır, lakin əsas istehlak məhsulları və xidmətlər 12 faiz bahalaşırsa, ailənin real alıcılıq qabiliyyəti aşağı düşür. Bu halda nominal gəlir artsa da, insanların rifahında real yaxşılaşma baş vermir.

Nəticə etibarı ilə 2026-cı ildə Azərbaycan ailələrinin büdcəsinə ən ciddi təsiri ərzaq məhsulları, nəqliyyat, kommunal xidmətlər, kirayə xərcləri və müxtəlif xidmətlərin bahalaşması göstərir. Ümumi inflyasiya göstəricisindən daha vacib olan isə ailənin gəlirinin hansı hissəsinin məhz bu istiqamətlərə xərclənməsidir.

Çünki vətəndaş üçün iqtisadiyyatın real ölçüsü statistik rəqəmlər deyil, maaşı ilə ayın sonunda nə qədər məhsul və xidmət ala bilməsidir.

Akif Nəsirli

Paylaş: