“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə ətrafında müzakirələr davam edir. Dəhşətli faciənin səbəbləri ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Bundan əvvəl Bakıda da kanat xəttinin çəkiləcəyinin açıqlanması bu cür qurğuların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
“Şəki Yaylası” istirahət mərkəzi bağlana bilər? Bu hadisədən sonra Bakıda kanat çəkilməsi qərarına yenidən baxılmalıdır? Kanat doğrudanmı təhlükəlidir?
Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, qanunvericilik baxımından belə bir hadisədən sonra istirahət mərkəzinin fəaliyyətinin müvəqqəti dayandırılması hüquqi baxımdan mümkündür:
“Lakin iki nəfərin həlak olması faktı özlüyündə obyektin avtomatik və birdəfəlik bağlanması anlamına gəlmir. Bunun üçün konkret hüquqi əsaslar və səlahiyyətli dövlət orqanının müvafiq qərarı tələb olunur. Araşdırılmalı əsas məsələlərdən biri kanatın texniki vəziyyəti, təhlükəsizlik tələblərinə riayət olunub-olunmaması, texniki baxış və istismar sənədlərinin mövcudluğu, qurğunun təmirindən sonra hansı yoxlamalardan keçirilməsi, eləcə də qəzanın birbaşa səbəbi və məsul şəxslərin müəyyən edilməsidir. Əgər araşdırma nəticəsində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan ciddi pozuntular müəyyən edilərsə, aidiyyəti dövlət orqanları tərəfindən konkret qurğunun istismarının dayandırılması, hüquqi əsaslardan asılı olaraq isə obyektin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və ya dayandırılması məsələsi də gündəmə gələ bilər”.
Əlövsət Allahverdiyev
Hüquqşünas qeyd edib ki, burada iki məqamı xüsusilə fərqləndirmək lazımdır:
“Belə ki, kanatın fəaliyyətinin dayandırılması, qəzanın səbəbləri tam araşdırılanadək və qurğunun təhlükəsizliyi təsdiqlənənədək tətbiq edilə biləcək mühüm təhlükəsizlik tədbiridir. Bütün istirahət mərkəzinin fəaliyyətinin dayandırılması, bunun üçün yalnız qəzanın baş verməsi deyil, obyektin fəaliyyəti ilə bağlı konkret hüquqi pozuntuların və insanların həyatına və sağlamlığına təhlükənin mövcudluğunun müəyyən edilməsi, qanunla nəzərdə tutulan prosedurların həyata keçirilməsi tələb olunur.
Eyni zamanda, əgər istintaq nəticəsində qəzanın təhlükəsizlik qaydalarının pozulması, səhlənkarlıq və ya digər qanunsuz hərəkət nəticəsində baş verdiyi müəyyən edilərsə, məsul şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı, digər insanların sağlamlığının qorunması üçün təhlükəli qurğunun fəaliyyətinin dayandırılması da tam əsaslı tədbir ola bilər. Hazırda hər kəs ədalətli, obyektiv və şəffaf araşdırmanın nəticəsini gözləyir. Hadisənin bütün səbəbləri və ona gətirib çıxaran hallar hərtərəfli araşdırılmalı, təqsiri qanuni qaydada müəyyən edilən şəxslər birmənalı şəkildə məsuliyyətə cəlb olunmalıdır. Çünki insan həyatının təhlükəsizliyi hər hansı kommersiya və ya digər maraqdan üstün tutulmalıdır”.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, bu tip əyləncə məkanlarında belə riskli qurğuların quraşdırılmasının nə dərəcədə doğru olduğu araşdırılmalıdır:
“Deyilir ki, hadisə küləkli hava şəraitinə görə baş verib, qəza trosun əvvəlcə dartıcı əsas tros üzərindəki qurğudan çıxması nəticəsində qeydə alınıb. İstənilən halda, həmin ziplayn qurğusunun küləkli hava şəraitində işlədilməsinin qaydalara nə dərəcədə uyğun olduğu da araşdırılmalıdır. Kanat yolları və digər kanat qurğuları dünyanın bir çox turizm, dağ və alpinizm məkanlarında istifadə olunur. Məsələn, Şimali Qafqazda Dombay və Elbrus kimi yüksək dağ zirvələrinə qalxmaq üçün bir neçə mərhələli kanat yollarından istifadə edilir. Qazaxıstanın Almatı şəhərində də şəhər mərkəzindən ən yüksək zirvələrdən birinə qədər kanat yolu quraşdırılıb və zirvədə istirahət mərkəzi fəaliyyət göstərir”.
İlqar Hüseynli
İB sədri əlavə edib ki, gələcəkdə Kəlbəcərdə də belə bir qurğunun tikilməsi ilə bağlı müzakirələr aparılır:
“Bakıda da kanat yolunu qurmaq mümkündür. Lakin əsas məsələ kanat qurğusunun tikilməsi deyil, onun texniki cəhətdən saz vəziyyətdə saxlanılmasıdır. Dünya təcrübəsində bu qurğulardan geniş istifadə olunur və onların Azərbaycanda da tətbiqinin qarşısını almaq mümkünsüzdür. Ancaq avtomobil və təyyarə qəzalarında olduğu kimi, kanat qurğularında da qəza riski var. Dünya statistikasına nəzər saldıqda, kanat qəzalarının baş verdiyini görmək olar. Burada əsas məsələ mütəmadi texniki baxışların keçirilməsi və qurğuların daim yaxşı vəziyyətdə saxlanılmasıdır.
Kabinlər vaxtında dəyişdirilməli, qapalı kanat sistemlərinə daha çox üstünlük verilməlidir. Binaların liftlərində ehtiyat saxlayıcı troslardan istifadə edildiyi kimi, kanat qurğularında da əlavə təhlükəsizlik sistemləri nəzərdə tutulmalıdır. Əsas trosda qəza və ya qırılma baş verərsə, ehtiyat sistem həmin qurğunu dərhal saxlamalıdır. Bu tip qurğular ekstremal şəraitdən və adrenalindən zövq alan insanlar üçün nəzərdə tutulub və onların istifadəsi gələcəkdə Azərbaycanda da genişlənə bilər. Kanat qurğularında, əlbəttə, risk faktorları var. Lakin düzgün konstruksiya, keyfiyyətli avadanlıq və vaxtında texniki baxış təmin olunarsa, bu qurğuların tətbiqi o qədər də qorxunc deyil”.
Qeyd edək ki, hadisə ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Ləman İmran
Globalinfo.az