“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb. O bildirib ki, orqan köçürülməsi yalnız hər iki qolunu itirmiş şəxslərə tətbiq edilir və bunun üçün immuniteti kəskin aşağı salan dərman qəbul olunur. Buna səbəb immun sisteminin köçürülmüş orqanı yad kimi tanıyıb ona hücum etməməsidir.
Bəs hazırda tibb itirilmiş orqanların köçürülməsində hansı mərhələdədir?
Globalinfo.az-a danışan transplantoloq Tariyel Nadirov deyib ki, dünyanın bəzi mərkəzlərində orqan transplantasiyası ilə yanaşı, toxuma və ətrafların, xüsusilə də yuxarı ətrafların köçürülməsi də həyata keçirilir:
“İllər öncə çalışdığım mərkəzdə, Ağdəniz Universitetinin Orqan Transplantasiyası şöbəsində işlədiyim zaman bir neçə xəstəyə yuxarı ətraf köçürülməsinin icra olunduğunun şahidi olmuşam. Hətta bir-iki xəstəni xatırlayıram ki, onlara üz köçürülməsi həyata keçirilmişdi. Müxtəlif travmalar və ya ağır yanıqlardan sonra üzdə yaranan deformasiyaların aradan qaldırılması məqsədilə bu xəstələrə üz transplantasiyası icra olunmuşdu. Xatırladığım qədərilə, iki xəstəyə də yuxarı ətraf köçürülməsi həyata keçirilmişdi”.
Tariyel Nadirov
T.Nadirov bildirib ki, ölkəmizdə də bu istiqamətdə çox ciddi işlər aparılır:
“Orqan və toxuma transplantasiyası sürətlə inkişaf etməkdədir. Orqan Nəqli Koordinasiya Mərkəzi bu sahədə mühüm işlər görür. Düşünürəm ki, yaxın gələcəkdə plastik cərrahlar tərəfindən ətrafların köçürülməsi də həyata keçiriləcək və ölkəmizdə bu tip əməliyyatları gözləyən xəstələrə kömək etmək mümkün olacaq. Bu əməliyyatlar artıq dünyanın bəzi mərkəzlərində icra olunur. İnanıram ki, yaxın gələcəkdə bizdə də belə əməliyyatlar həyata keçiriləcək. Hazırda ölkəmizdə böyrək transplantasiyası uğurla icra edilir. Ümumiyyətlə, əminəm ki, yaxın zamanda ətraf transplantasiyasının da ölkəmizdə həyata keçirilməsinə nail olacağıq”.
Zaira Akifqızı
Globalinfo.az