IMG 2343

“İşğaldan azad edilmiş ərazilərdə daş, qaya və müxtəlif səthlərin üzərinə yazıların yazılması haqlı narahatlıq doğurur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında şəhid anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilər Azərbaycan xalqının tarixi yaddaşının, milli-mədəni irsinin və şəhidlərimizin canı bahasına qazanılmış Zəfərimizin rəmzidir:

“Bu ərazilərdə hər bir vətəndaş yüksək məsuliyyət və dövlətçilik düşüncəsi ilə davranmalıdır. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi isə bizim mənəvi və ictimai borcumuzdur. Lakin bu məqsədə çatmağın yolu təbiətə və tarixi məkanlara özbaşına yazılar yazmaq deyil”.

Deputat vurğulayıb ki, şəhidlərimizin adları onların xatirəsinə layiq olan məkanlarda — abidələrdə, xatirə lövhələrində, küçə və parklarda, eləcə də məktəblərə və digər sosial obyektlərə adlarının verilməsi yolu ilə yaşadılmalıdır:

“Xüsusilə məktəblərin şəhidlərimizin adını daşıması böyük mənəvi əhəmiyyət kəsb edir. Bu, yalnız bir adlandırma deyil, həm də gənc nəslin şəhidlərimizin həyat yolu, Vətən sevgisi və qəhrəmanlığı barədə məlumatlandırılması, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addımdır.

IMG 2342

Şəhid Emin Sadiqov və anası Gülşad Rüstəmova

Şəhidlərimizin adını yaşatmaq istəyiriksə, bunu onların ruhuna və müqəddəs xatirəsinə layiq şəkildə etməliyik. İşğaldan azad edilmiş ərazilərin təbii və tarixi simasının qorunması da şəhidlərimizə olan ehtiramın mühüm göstəricisidir. Onların xatirəsi xalqımızın milli yaddaşında əbədi yaşayacaq. Onların adlarının layiqincə əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması hər birimizin vətəndaşlıq borcudur. Şəhidlərin adını qayalara yazmaq yox, tarixə yazmaq lazımdır”.

Ləman İmran

Globalinfo.az

Paylaş: