Türkiyə Rusiyaya bir sıra avia reysləri dayandırıb. Belə ki, İstanbul, Bodrum və Dalaman istiqamətində uçuşlar ləğv edilib. Qərarın Rusiya hava məkanında təhlükəsizliklə bağlı narahatlıqlardan qaynaqlandığı bildirilir və bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski də xəbərdarlıq edib.
Rusiya vətəndaşlarının üçüncü ölkələrə səfərlərində Türkiyədən tranzit kimi istifadə etməsi, eyni zamanda xeyli zəngin rusların Türkiyənin müxtəlif şəhərlərinə köçməsi fonunda qərarın mümkün təsirləri bir sıra suallar doğurur. Bundan başqa, proses AZAL təyyarəsinin vurulması hadisəsini də yenidən gündəmə gəlir.
AZAL təyyarəsi vurulan vaxt da oxşar bəyanat və xəbərdarlıq verilə bilərdi? Bu proses Türkiyənin turizm sektoruna necə təsir göstərəcək?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, AZAL təyyarəsinin vurulmasından əvvəl oxşar bəyanat və ya xəbərdarlığı ilk növbədə Rusiya tərəfi etməli idi:
“Eyni zamanda, analoji yanaşma olaraq, Ukrayna tərəfindən də belə bir xəbərdarlığın verilməsi mümkün idi. Hazırda Zelenskinin bu istiqamətdə xəbərdarlıq etməsi onu göstərir ki, Rusiya səmasında kütləvi dron əməliyyatlarının keçirilməsi gözlənilir. Bu səbəbdən sərnişin təyyarələrinin təhlükəsizliyinin təmin olunması ilə bağlı beynəlxalq təşkilatlara və aviasiya qurumlarına əvvəlcədən məlumat verilir.

Əziz Əlibəyli
Azərbaycanla bağlı da oxşar xəbərdarlıq edilə bilərdi, lakin baş vermədi. Hesab edirəm ki, bu, çox ciddi bir məsuliyyətsizlik və böyük cinayət idi. Hadisə ölkələr arasında münasibətlərin nə dərəcədə ciddi təsirə məruz qaldığını göstərdi. Təəssüf ki, həmin ziddiyyətlərin və gərginliyin illər ərzində davam etdiyinin şahidi olduq”.
SKAL Bakı Turizm Peşəkarları Təşkilatının (SKAL International Baku) sədri Ceyhun Aşurov bildirib ki, uçuşların müəyyən hissəsinin təxirə salınması birbaşa təhlükəsizlik riskləri ilə bağlıdır:
“Mövcud vəziyyət xüsusilə Türkiyə üçün əhəmiyyətlidir. Çünki bu ölkə əsas turizm istiqamətlərindən biridir və hər il Rusiyadan milyonlarla turist qəbul edir. Uçuşlarda yaranan məhdudiyyətlər turist axınına təsir göstərə, eyni zamanda sərnişinlər arasında təhlükəsizliklə bağlı narahatlığı artıra bilər. Lakin təxirə salınan reyslər yalnız Türkiyə-Rusiya əlaqələrinə deyil, digər istiqamətlərə də təsir göstərəcək. Çünki sərnişinlərin bir qismi İstanbuldan tranzit məntəqə kimi istifadə edərək başqa ölkələrə uçur. Bu baxımdan, bir istiqamətdə yaranan problemin digər uçuşlara da təsir göstərməsi mümkündür. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiyadan Türkiyəyə köçərək orada məskunlaşan insanların sayında da artım olub. Bu şəxslərin Rusiyada yaxınları, qohumları var və iki ölkə arasında qarşılıqlı gediş-gəlişlər davam edir. Buna görə də uçuşlarla bağlı yaranan risklər onlar arasında da narahatlıq yarada bilər”.

Ceyhun Aşurov
Ekspert qeyd edib ki, hazırda əsas məsələ bu vəziyyətin nə qədər davam edəcəyi və hava nəqliyyatının nə zaman tam təhlükəsiz şəkildə bərpa olunacağıdır:
“Prosesin uzun müddət davam etməsi nə Türkiyənin, nə də Rusiyanın maraqlarına uyğundur. Xüsusilə Türkiyə baxımından uzunmüddətli məhdudiyyətlər turizmə və ümumilikdə iqtisadiyyata mənfi təsir göstərə bilər. Bu səbəbdən problemin diplomatik və siyasi danışıqlar yolu ilə həll olunması hər iki tərəfin marağındadır.
Digər tərəfdən, müharibə şəraitini də nəzərə almaq lazımdır. Çünki belə vəziyyətlərdə gözlənilməz hadisələrin baş verməsi və təhlükələrin genişlənməsi mümkündür. İstənilən halda hava məkanında təhlükəsizlik risklərinin artması yalnız münaqişə tərəflərinə yox, onlarla nəqliyyat, turizm və iqtisadi əlaqələri olan digər dövlətlərə də mənfi təsir göstərir. Bu baxımdan, əsas məqsəd mümkün risklərin qarşısının alınması və təhlükəsiz uçuşların mümkün qədər qısa müddətdə bərpa edilməsidir”.
Ləman İmran
Globalinfo.az