1707827139 esger telim

Bu ilin ilk 6 ayında Azərbaycanda 19 mindən çox nikah qeydə alınıb. Ötən ilin eyni dövründə isə bu göstərici 25 minə yaxın olub. Beləliklə, nikahların sayında 22 faizdən çox azalma qeydə alınıb. Eyni zamanda, doğulan uşaqların sayı da 11 faiz azalıb. Ekspertlər hesab edirlər ki, burada əsas məqam boşanmaların artması deyil, nikaha daxil olanların sayının azalmasıdır.

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, Azərbaycanda xüsusilə böyük şəhərlərdə yaşayan gənclərin ailə qurması ilə bağlı ciddi problemlər var:

“Əsas səbəblərdən biri isə mənzil və toy xərclərinin həddindən artıq yüksək olmasıdır. Nikahların sayının azalması və bir il ərzində doğulan uşaqların sayının 11 faiz azalması nə deməkdir? Bu, gələcəkdə əhalinin azalması ilə bağlı ciddi risklərin olduğunu göstərir. Bu azalma bizim üçün iqtisadi baxımdan da mənfi nəticələr yarada bilər. Biz gələcəkdə işçi qüvvəsini haradan gətirəcəyik? Azərbaycan Ordusunda xidmət edəcək gəncləri haradan tapacağıq? Mütəxəssislərimizi, mühəndislərimizi necə təmin edəcəyik?

Gənc ailələrə dövlət tərəfindən güzəştli mənzillərin verilməsi prosesi sürətləndirilməlidir. Şərtlər elə olmalıdır ki, gənclər onu qarşılaya bilsinlər. Mənzillər bahalaşıb, mövcud ipoteka məbləğləri isə gənclərin çoxunun gəlirinə uyğun deyil”.

M.Yaqubunun fikrincə, digər məsələ sadə və dəbdəbəsiz toyların təşviq edilməsidir:

“Məsələn, filmlər və seriallar vasitəsilə sadə toy mədəniyyəti təbliğ oluna bilər. Biz toy mərasimlərini o qədər bahalı və dəbdəbəli hala gətirmişik ki, hətta gəliri aşağı olan ailələr belə özlərini imkanlı ailələr kimi göstərməyə çalışırlar. Gənclər də bunun psixoloji təzyiqini hiss edirlər və sadə toy etməkdən çəkinirlər”.

mail yaqub111

Mail Yaqub

Sosioloqun sözlərinə görə, boşanmaların artması da gənclərdə müəyyən qorxu yaradır:

“Gənclər düşünürlər ki, ailə quracağıq, bir neçə ildən sonra boşanacağıq. Bu məsələdə sosial şəbəkələrin təsiri də araşdırılmalıdır. Sosial şəbəkələrdə ailə münasibətlərinə mənfi təsir göstərən, ailə dəyərlərini zəiflədən və bəzən də boşanmanı təşviq edən məzmunların yayılmasının qarşısının alınması istiqamətində müəyyən tədbirlər görülməlidir”.

Mail Yaqub işsizliyin də ailə qurmağa mane olduğunu vurğulayıb:

“İş adamlarının qarşısındakı əngəllər aradan qaldırılmalıdır ki, yeni müəssisələr və yeni iş yerləri yaradılsın. Gənclər işləməli, gəlir əldə etməli və öz gələcəklərini təmin edə bilməlidirlər. Maddi təminatı olmayan gənc necə ailə qursun? Bu gün gənclərin ailə qurmasının qarşısındakı əsas problemlərdən biri də məhz budur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: