photo 2026 08 04 18 50 38 1

Rusiyanın “Uraldronzavod” müəssisəsinin, “Upır” dronlarının istehsalçısı olan zavodun baş direktoru Vladimir Tkaçuk avtomobilin partladılması nəticəsində ağır yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS əməliyyat xidmətlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, Vladimir Tkaçuk hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağırdır.

Hadisə zamanı avtomobildə olan sürücü, eyni zamanda Tkaçukun mühafizəçisi kimi çalışan şəxs həlak olub.

Faktla bağlı müvafiq maddə ilə cinayət işi açılıb. Araşdırma aparılır.

Qeyd edək ki, “Uraldronzavod” Rusiyanın Sverdlovsk vilayətində yerləşir və Ukraynadakı müharibədə istifadə olunan FPV tipli “Upır” dronlarını istehsal edir. “The Insider” nəşrinin məlumatına görə, Vladimir Tkaçuk pilotsuz uçuş aparatlarının hazırlanmasına 2020-ci ildə başlayıb, 2022-ci ildə isə onların yığılması üçün xüsusi istehsal sahəsi yaradıb.

Məlumata əsasən, “Upır” dronunun korpusunun böyük hissəsi 3D printerdə hazırlanır. Tkaçuk 2024-cü ilin martında bildirib ki, dronun təxminən 60 faizi Rusiya istehsalı olan komponentlərdən yığılır.

Xatırladaq ki, sözügedən zavod Avropa İttifaqının sanksiyalar siyahısına daxildir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: