Son dövrlərdə Azərbaycanda SSRİ bayrağı ilə bağlı keçirilən aksiyalar və bu aksiyalarda iştirak edən şəxslər barəsində verilən məhkəmə qərarları ictimai müzakirələrə səbəb olub. Xüsusilə jurnalist və sosioloq kimi tanınan Elçin Bayramlının da bu proses çərçivəsində cəzalandırılması məsələyə həm hüquqi, həm də siyasi prizmadan yanaşma zərurəti yaradıb.
Bundan əvvəl İmişlidə oxşar səbəblə şəxsin saxlanılması da bu hadisələrin təsadüfi olub-olmamasını gündəmə gətirib. Bu hallar ayrı-ayrı şəxslərin fərdi təşəbbüsüdür, yoxsa daha geniş siyasi və ideoloji prosesin tərkib hissəsidir? Bu cür aksiyaların arxasında hər hansı qüvvələrin dayanması ehtimalı varmı və bu addımlar Azərbaycana yönəlmiş müəyyən mesaj kimi qiymətləndirilə bilərmi?
Eyni zamanda, hüquqi baxımdan belə hallara hansı çərçivədə yanaşılmalıdır və ifadə azadlığı ilə ictimai təhlükəsizlik arasında balans necə qorunmalıdır?
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, müstəqilliyi bərpa etdikdən 35 il sonra Azərbaycanda keçmiş imperiyanın bayrağının dalğalandırılması təsadüfi hadisə hesab oluna bilməz:
“Bu müddət ərzində artıq bir nəsil dəyişib və bu nəsil müstəqil Azərbaycanın övladlarıdır. Belə olan halda, bu cür bayraqların nümayiş etdirilməsi əvvəlcədən təşkil olunmuş təxribat kimi qiymətləndirilməlidir. Bu təxribatlara alət olan şəxslərin müəyyən maraqları olduğu şübhə doğurmur. Bu, ya maddi maraqdan irəli gələ bilər, ya da Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı yönəlmiş mövqenin təzahürüdür”.

Hikmət Babaoğlu
Deputat qeyd edib ki, Azərbaycanda hansı tarixi baxışdan çıxış edilməsindən asılı olmayaraq, keçmiş imperiyanın bayrağının dalğalandırılması müstəqil Azərbaycanın dövlət bayrağına, suverenliyinə və dövlət müstəqilliyinə qarşı hörmətsizlikdir:
“Eyni zamanda, bu, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə qarşı da hörmətsizlik kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu cür hərəkətlər ölkə daxilində milli həmrəyliyə zərbə vurmağa, cəmiyyətdə qarşıdurma yaratmağa və Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətini kölgə altına salmağa çalışan qüvvələrin təxribatıdır. Kimliyindən asılı olmayaraq, belə əməllərə yol verən şəxslər qanun qarşısında cavab verməlidirlər. Azərbaycan hüquq-mühafizə orqanları da bu istiqamətdə üzərlərinə düşən vəzifəni yerinə yetirirlər. Aidiyyəti dövlət qurumları bu cür təxribatların hansı mərkəzlərdən qaynaqlandığını yaxşı bilirlər. Azərbaycan ictimaiyyəti də anlayır ki, bu cür təsirlər əsasən şimaldan gələn təxribat xarakterli təsirlərdir. Azərbaycan dövləti və xalqı isə belə çağırışların qarşısını almağa, milli birliyini və dövlət müstəqilliyini qorumağa tam hazırdır”.
Vəkil Mehman Muradlı isə məsələyə bir qədər təmkinli yanaşdığını vurğulayıb:
“Təbii ki, Rusiya imperiyası ilə bağlı müsbət mövqedə deyiləm və siyasətini dəstəkləmirəm. Ancaq tarixi hadisələrə emosiyalarla deyil, faktlarla yanaşmaq lazımdır. Azərbaycan Sovet Sosialist Respublikası tarixin bir mərhələsidir. O dövrdə Azərbaycan SSRİ-nin tərkibində olsa da, ittifaq respublikası statusuna malik idi. Bu, tarixi faktdır və onu inkar etmək mümkün deyil. Tarixə münasibət emosiyalar üzərində deyil, obyektiv yanaşma əsasında formalaşmalıdır. Digər tərəfdən, əgər söhbət müasir Azərbaycan Respublikasının dövlət müstəqilliyinə, suverenliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş hər hansı hərəkətdən gedirsə, bu artıq tamamilə başqa məsələdir və qanun çərçivəsində qiymətləndirilməlidir. Dövlətin müstəqilliyinə və təhlükəsizliyinə qarşı atılan addımlar hüquqi müstəvidə araşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməlidir”.

Mehman Muradlı
Mehman Muradlı deyib ki, tarixi dövrlərə münasibət fərqli ola bilər:
“Kimisi həmin dövrü müsbət, kimisi isə mənfi qiymətləndirə bilər. Bu, baxış məsələsidir. Ancaq hər bir tarixi hadisəyə bugünkü emosiyalarla deyil, tarixi reallıqlar əsasında yanaşmaq daha düzgün olar. İttihamlarla bağlı isə yekun nəticəni yalnız istintaqın və məhkəmənin qərarı müəyyən edə bilər. Hər hansı iddianın doğru olub-olmaması hüquqi prosedurlar başa çatdıqdan sonra məlum olur”.
Zaira Akifqızı
Globalinfo.az