1784659430 749354808 3035243510200552 3539650244593555799 n 6

Dövlət satınalmalarının əsas hissəsinin ilin son rüblərində həyata keçirilməsi büdcə öhdəliklərinin artmasına səbəb olur.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2025-ci ildə satınalmaların il ərzində bölgüsündə müəyyən balanslaşma müşahidə olunsa da, əsas yük yenə də üçüncü və dördüncü rüblərin üzərinə düşüb.

“2025-ci ildə keçirilən satınalmaları iki hissəyə bölsək, birinci yarımillikdə keçirilən satınalmaların xüsusi çəkisi 31 faizdən 41 faizə yüksəlib, ikinci yarımillikdə isə bu göstərici 59 faiz təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə daha balanslı bölgüdür. Lakin rüblər üzrə bölgüyə baxdıqda əsas yükün üçüncü və dördüncü rüblərə düşdüyünü görürük. Rübün sonunda və ilin son rüblərində daha çox büdcə vəsaitinin xərclənməsi müəyyən qədər avans ödənişlərinin həcminin artmasına səbəb olur. Bu isə öhdəliklərin artmasına gətirib çıxarır”, – deyə o bildirib.

V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatası satınalmaların il ərzində daha bərabər paylanmasının tərəfdarıdır.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Dünya Bankı satınalmaların rüblər üzrə 40, 30, 20 və 10 faiz nisbətində bölüşdürülməsini ən optimal model hesab edir.

“Bizdə hələlik bu bölgüyə tam əməl olunmasa da, müəyyən dəyişikliklər müşahidə edilir və bu istiqamətdə irəliləyişin davam etməsinin tərəfdarıyıq”, – deyə Hesablama Palatasının sədri əlavə edib.

Paylaş: