Firuz mustafa 1213

Tanınmış yazıçı, dramaturq Firuz Mustafa deyib ki, ölkəmiz xərçəng xəstələrinin sayına görə beynəlxalq statistikada ilk iyirmilikdədir. O özünün də mədə-bağırsaq sistemində xərçəng aşkarlandığı üçün ağır əməliyyat keçirdiyini deyib. Xərçəng statistikası və bu xəstələrin üzləşdiyi problemlər vaxtaşırı gündəmə gətirilir, amma vəziyyət dəyişmir.

Xərçəngi yaradan əsas səbəblər hansılardır? Sözügedən sahədə nə kimi addımlar atılmalıdır?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu, bütün dünyada yayılan xəstəlikdir:

“İlk növbədə, Firuz Mustafa bəyə Allahdan şəfa diləyirəm. Onun xəstəliyi xəbəri məni də çox məyus etdi. Son illər onkoloji xəstəliklərin artım dinamikası diqqət çəkir. Xüsusilə COVID-19 pandemiyasından sonrakı dövrdə bu tendensiya daha çox müzakirə olunur. Pandemiyanın bu prosesə təsiri ilə bağlı araşdırmalar davam etsə də, istənilən halda həmin dövrün yaratdığı ümumi sağlamlıq və sosial təsirlər özünü göstərməkdədir”.

A.Qeybullanın sözlərinə görə, onkoloji xəstəliklərin artmasına təsir edən əsas amillərdən biri ekoloji problemlərdir:

“Atmosfer havasının, su ehtiyatlarının çirklənməsi, emal olunmuş qidaların geniş yayılması, qida məhsullarında istifadə edilən bəzi əlavələr və plastik qablaşdırma materialları insan sağlamlığı üçün əlavə risklər yarada bilər. Eyni zamanda, ətraf mühitdə ağır metalların və digər zərərli maddələrin artması da narahatlıq doğuran məsələlərdəndir. İnsan orqanizmində hər gün müəyyən genetik dəyişikliklər baş verir və sağlam immun sistemi bu dəyişikliklərin böyük hissəsini aradan qaldırır. Lakin bu müdafiə mexanizmi zəiflədikdə və ya pozulduqda, bəzi hallarda şiş xəstəliklərinin yaranması üçün şərait formalaşa bilər”.

Adil Qeybulla

Adil Qeybulla bildirib ki, digər mühüm səbəblər həyat tərzi ilə bağlıdır:

“Fiziki hərəkətsizlik, artıq çəki, qeyri-sağlam qidalanma, siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu və yuxu rejiminin pozulması xərçəng də daxil olmaqla bir çox xroniki xəstəliklər üçün risk amilləri hesab olunur. Böyük şəhərlərdə atmosferin də bu riskləri artıran amillərdəndir”.

Professor hesab edir ki, bu problemin qarşısını almaq üçün əhalinin sağlam həyat tərzini təşviq edən genişmiqyaslı proqramlara ehtiyac var:

“Kütləvi idmanın inkişafı, profilaktik müayinələrin və skrininq proqramlarının genişləndirilməsi, erkən diaqnostikanın əlçatanlığının artırılması, risk amillərinin vaxtında müəyyən edilməsi və ictimai maarifləndirmənin gücləndirilməsi əsas prioritetlər olmalıdır. Xəstəliklərin erkən aşkarlanması həm müalicənin uğur şansını artırır, həm də ölüm hallarının azalmasına kömək edir. Bu istiqamətdə sistemli və davamlı tədbirlər görülmədikcə, təəssüf ki, onkoloji xəstəliklərin artımı ilə bağlı narahatlıq davam edəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: