photo 2026 07 18 17 38 39

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında etdiyi paylaşımlara erkən giriş imkanı təqdim edən ödənişli xidmət yaratmağa hazırlaşır.

Globalinfo.az “Bild” nəşrinə istinadla xəbər verir ki, iddialara görə, yeni xidmət vasitəsilə Uoll-Strit treyderləri və digər varlı müştərilər Trampın bəzi paylaşımlarını adi istifadəçilərdən bir neçə saniyə əvvəl görə biləcəklər.

Məlumata əsasən, xidmətin aylıq qiyməti 100 min dollara qədər ola bilər. AP agentliyinin məlumatına görə, Trampın “Trump Media and Technology Group” şirkəti bu xidməti “Truth PSI” adı ilə təqdim etməyi planlaşdırır. Xidmət “yüksək səviyyəli” hesabların paylaşımlarına eksklüziv erkən çıxış vəd edir.

Təşəbbüs artıq tənqidlərə səbəb olub. ABŞ-dən olan etik məsələlər üzrə ekspert Dilan Hedtler-Qodett bildirib ki, maliyyə bazarlarına təsir edən məlumatlara ən yüksək məbləği ödəyən şəxslərin daha tez çıxış əldə etməsi qəbuledilməzdir.

Qeyd olunur ki, Trampın sosial şəbəkədəki paylaşımları dəfələrlə maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub. 2025-ci ilin aprelində onun yeni gömrük rüsumları ilə bağlı açıqlamasından sonra ABŞ fond bazarında səhmlər təxminən 5 faiz ucuzlaşıb. Bir neçə gün sonra Tramp yenidən “Truth Social” vasitəsilə rüsumların tətbiqini 90 gün təxirə saldığını açıqlayıb və “İndi alış üçün əla vaxtdır!” paylaşımını edib. Həmin gün “S and P” 500 indeksi 9,5 faiz yüksəlib, investorların ümumi sərvətinin təxminən 4 trilyon dollar artdığı bildirilib.

Son maliyyə bəyannaməsinə əsasən, Donald Trampın 2025-ci ildə əldə etdiyi gəlirin ən azı 2,2 milyard dollar olduğu qeyd edilir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: