erdogan

Türkiyə-İsrail gərginliyi yenidən artıb. Hətta iki ölkə arasında münasibətlər qırılma nöqtəsindədir. Belə ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt ritorikasından narahat olduğunu bildirib. O, Türkiyə liderinin açıqlamalarını ölkəsinin təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirib.

Türkiyə-İsrail gərginliyi müharibəyə çevrilə bilərmi?Yoxsa iki ölkə arasındakı qarşıdurma sadəcə siyasi müstəvidə qalacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Azər Həsrət deyib ki, İsrail Türkiyəyə hərbi hücum edəcək gücə və cəsarətə malik deyil:

“Türkiyə İran deyil, dünyanın ən güclü dövlətlərindən biridir. İsrail malik olduğu hərbi texnologiyalara baxmayaraq, Türkiyəyə qarşı belə bir addım atmağa cəsarət etməz. Lakin Ankara bu məsələdə müəyyən mənada özü üçün əlavə çətinlik yaradır. Məsələn, “erməni soyqırımı” iddiasını müdafiə edən Fələstin rəhbərliyinə bu qədər güclü dəstək verməyin nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur. Eyni zamanda, İslam həmrəyliyi məsələsinə də bu prizmadan baxmaq lazımdır. Qarabağ işğal altında olduğu dövrdə müsəlman ölkələrinin böyük əksəriyyətinin, o cümlədən İranın mövqeyi Azərbaycanın gözləntiləri ilə üst-üstə düşmürdü. Bu faktlar hamıya məlumdur”.

Siyasi şərhçi bildirib ki, Türkiyənin İsraillə münasibətləri normallaşdırması həm özü, həm də Türk dünyası üçün daha faydalı olar:

İsrail də uzun müddətdir belə bir normallaşmada maraqlı olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın və digər türk dövlətlərinin mövqeyini daha da gücləndirə bilər. Azərbaycanın İsraillə münasibətləri buna nümunədir və tərəflər arasında əməkdaşlıq uzun illərdir davam edir. Tarixə baxdıqda, yəhudilərlə türklər arasında ciddi qarşıdurma və ya münaqişə görmürük. Yəhudilərin türk torpaqlarını işğal etməsi və ya dini zorla qəbul etdirməsi ilə bağlı tarixi fakt yoxdur. Xəzər xaqanlığı dövründə yəhudiliyin qəbul edilməsi isə xaqanın seçimi olub və bu din əhaliyə məcburi şəkildə qəbul etdirilməyib”.

Azer hesret
Azər Həsrət

A.Həsrət qeyd edib ki, iki ölkə arasında gərginliyin azaldılması üçün səylər göstərilməlidir:

Azərbaycan bu prosesdə uğurlu vasitəçi rolunu oynaya bilər və indiyədək də bir çox məsələlərin həllinə töhfə verib. Lakin Türkiyənin sərt ritorikası İsrailin də sərt reaksiyaları ilə qarşılanır. Bununla yanaşı, İsrail də münasibətlərdə həddini aşmamalıdır. Xüsusilə “erməni soyqırımı” ilə bağlı hökumətin qərarının Knessetə təqdim edilməsi narahatlıq doğurur. Əgər parlament qərarı təsdiqləyərsə, bu, Türkiyə ilə yanaşı, Azərbaycanın da İsraillə münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki Azərbaycan indiyədək İsraillə münasibətlərini balanslı şəkildə qorumağa çalışıb. Belə bir addım atılacağı təqdirdə isə münasibətləri əvvəlki səviyyədə saxlamaq çətinləşə bilər. Eyni vəziyyət Mərkəzi Asiyanın türk dövlətlərinə də aiddir. Bütün bunlara baxmayaraq, İsraillə Türkiyə arasında müharibənin baş verəcəyi gözlənilmir. Lakin mövcud siyasi gərginliyin hələ bir müddət davam edəcəyi ehtimalı yüksəkdir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin ittihamlarına sərt reaksiya verib. O, İsrail rəhbərliyinin Türkiyə ilə bağlı iddialarını əsassız adlandıraraq, ölkəsinin tarixində zülm, soyqırımı və müstəmləkəçilik olmadığını bildirib. Ərdoğan vurğulayıb ki, Türkiyə tarix boyu dini və milli mənsubiyyətindən asılı olmayaraq məzlum xalqlara dəstək verən dövlət olub.

Ləman İmran
Globalinfo.az

Paylaş: