vasinqton tehran tel eviv scaled

Globalinfo.az beynəlxalq gündəmlə bağlı siyasi elmlər üzrə türkiyəli ekspert İsmayıl Cingözlə müsahibəni təqdim edir:

– Ukrayna müharibəsində proseslər Rusiyanın əleyhinə cərəyan edir. Moskvaya dron zərbələri daxil olmaqla Rusiyaya hücumların miqyası genişlənib, ölkənin neft sənayesinə ciddi ziyan dəyib. Bu vəziyyət rus xalqında Putinə qarşı etirazın artmasına səbəb olub. Cəbhədə baş verənlər tərəflərin danışıqlar masasına oturması ilə nəticələnəcək, yoxsa müharibə daha da şiddətlənəcək?

Rusiya ilə Ukrayna arasındakı münaqişənin Rusiyanın daxili ərazilərinə yayılması Moskvaya qarşı hərbi və psixoloji təzyiqi artırır. Lakin Putin administrasiyasının qısa müddətdə geri çəkiləcəyi gözlənilmir. Kreml üçün prioritet olan döyüş meydanında üstünlük qazanmaq və danışıqlar masasında zəif yox, güclü tərəf kimi oturmaqdır. Buna görə də, yaxın gələcəkdə həm danışıqlar üçün fürsət axtarışı, həm də hərbi eskalasiya ehtimalı eyni vaxtda davam edəcək. Nüvə silahlarının istifadəsi tamamilə istisna edilməsə də mövcud şərtlərdə tərəflərin qarşılıqlı çəkindirmə tədbirləri səbəbindən bu, son addım hesab oluna bilər.

İran və ABŞ arasında həssas olan atəşkəs rejiminin pozulması ilə müharibə yenidən alovlanaraq regiona yayılıb. Bu cür gedişat nə vəd edir?

– Atəşkəsin pozulması Yaxın Şərqdə hələ də davamlı sülhün əldə olunmadığını göstərir. Bununla belə, tərəflərin birbaşa, tammiqyaslı müharibədən yayınmağa çalışdıqları da aydın olur. Qarşıdakı dövr üçün nəzarətli deeskalasiya və diplomatik danışıqların eyni vaxtda davam etməsi ən çox ehtimal olunan ssenaridir.

ismail cingoz
İsmayıl Cingöz

– İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Vaşinqtonda Livanla bağlanan müqaviləni tarixi səhv adlandırıb. Bu fonda ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin İsraillə bağlı açıqlamaları diqqət çəkir. Onun mövqeyi nəyə hesablanıb?

– Ben-Qvir İsraildə təhlükəsizlik yönümlü, sərt siyasəti gücləndirməyi hədəfləyir, Vensin açıqlamaları isə Vaşinqtonun regional böhranların və diplomatik prosesin tamamilə dağılmasının qarşısını almaq səylərini əks etdirir. Bu, hətta İsrail daxilində də strateji yanaşmalarda fərqlərin olduğunu göstərir.

– İsrail qondarma “erməni soyqırımı”nı rəsmi şəkildə tanıdı. Bu addımın xüsusilə Türkiyə-İsrail, həmçinin, Azərbaycan-İsrail münasibətlərinə real təsiri necə olacaq?

– Bu addımın simvolik və siyasi təsiri praktik təsirindən daha böyükdür. Bu, Türkiyə-İsrail münasibətlərində yeni bir etimad böhranı yarada bilər. Azərbaycan İsrail ilə strateji əməkdaşlığı qorumağa çalışarkən, çox güman ki, Türkiyə ilə həmrəyliyini qoruyacaq və bu məsələyə ikitərəfli münasibətlərdən ayrı yanaşacaq.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: