Azərbaycan islamofobiyanı qlobal təhlükə kimi qiymətləndirir. Ölkə daim İslam dəyərlərinə və müsəlmanlara qarşı ayrı-seçkiliyin, nifrət çağırışlarının və dini təhqirlərin qəbuledilməz olduğunu vurğulayır. Bu problemin həlli üçün beynəlxalq səviyyədə diqqətin artırılmasına çalışır və bəzi Qərb siyasi dairələrinin, eləcə də Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların İslamı ekstremizm və terrorla eyniləşdirməyə yönəlmiş qərəzli yanaşmalarını tənqid edir. Lakin buna baxmayaraq, sözügedən problem hələ də tam həllini tapmayıb.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu, uzun müddətdir davam edən bir problemdir:
“Hamıya məlumdur ki, islam sülh dinidir. O, insanları birliyə, həmrəyliyə çağırır, digər insanlara hörmətlə yanaşmağı öyrədir. İslam dinini terrorla eyniləşdirmək məqsədli yanaşmadır. Təəssüf ki, bəzi Qərb dairələri, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) İslamı məqsədli şəkildə terror və ekstremizm ilə əlaqələndirməyə çalışır. Bu isə açıq-aşkar qərəzdən başqa bir şey deyil”.
Ceyhun Məmmədov
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının 20-ci sessiyasında etdiyi çıxışda da bu məsələlərə xüsusi diqqət yetirilib:
“Çıxışda Azərbaycanın mövqeyi və bu istiqamətdə oynadığı rol geniş şəkildə vurğulanıb. Azərbaycan öz sadiqliyini qoruyaraq bu proseslərə töhfə verməyə davam edir”.
Safura Bənnayeva
Globalinfo.az