Belarusda səfərbərlik təlimləri keçirilir. Ölkənin Müdafiə Nazirliyi bildirib ki, iyunun 26-dək Polşa və Litva ilə sərhəddə yerləşən Qrodno vilayətində hərbi komissarlıqların iştirakı ilə təlimlər təşkil olunub.
Globalinfo.az xəbər verir ki, təlimlər zamanı vətəndaşların və nəqliyyat vasitələrinin səfərbərliyə cəlb olunması prosedurları məşq edilir.
Eyni zamanda, ehtiyatda olan hərbi mükəlləfiyyətli şəxslər qeydiyyat məlumatlarının dəqiqləşdirilməsi üçün çağırılır.
Hakimiyyət orqanları bildirir ki, tədbirlər çərçivəsində şəxsi məlumatlar yenilənəcək, zərurət yarandıqda isə uçot sənədlərinə dəyişikliklər ediləcək. Ümumilikdə 2 minə yaxın vətəndaşın prosesə cəlb olunması planlaşdırılır.
Müdafiə Nazirliyinin açıqlamasına görə, ehtiyatda olan şəxslər toplanışlarda iştirak edəcək, hərbi bilik və bacarıqlarını artıracaq, silah və texnika ilə işləməyi öyrənəcək, həmçinin operativ qərar vermək vərdişlərini təkmilləşdirəcəklər.
Nazirlik vurğulayıb ki, keçirilən səfərbərlik təlimləri planlı xarakter daşıyır.
Əliyar Xəlil